XİN-ə qəbul imtahanının qaydaları imtahandan sonra dəyişdirilib – AÇIQLAMA


“23 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib. Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub – test imtahanı (qanunvericilik və ümumi sahəvi biliklər; ümumi dünyagörüşü; rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə), verilmiş mövzu üzrə Azərbaycan dilində yazılan esse və verilmiş mövzu üzrə namizədin seçdiyi xarici dildə yazılan esse.

Bunu Yeniavaz.com-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə deyib.
X. Xanlarzadə esse nəticələrinin vahid şkalaya gətirilməsi ilə bağlı yayılan iddialara isə belə cavab verib:
“Qiymətləndirilən hər üç hissəyə ayrılıqda baxılıb və tələblərə əsasən, bu hissələrin hamısı eyni çəkiyə malik olub. Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib.
Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq, xarici dildə yazılan esse üzrə nisbi bal ən az 50 müəyyən olunub. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi. Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dil ilə yanaşı dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib. Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər üç hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb. 100 nəfər arasında ən aşağı nəticə göstərən və müsahibədə iştirak etmək hüququ qazanan namizədin balı 189.5 olub.
100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır.
Əlavə olaraq qeyd edək ki, bir qrup imtahan iştirakçısı bu məsələ ilə bağlı yazılı şəkildə DİM-ə müraciət edib və onların müraciəti müvafiq qaydada cavablandırılıb, qaydalar, tələblər bir daha izah olunub”.
X. Xanlarzadə hər 3 hissədən toplanılan ballar cəmlənir və iştirakçının yekun nəticəsi alınır:
“Müsahibəyə də 460 nəfərdən ən yüksək bal toplamış 100 nəfər buraxılır. Sözügedən qayda imtahan nəticələri elan olunanda dəyişdirilib. Qiymətləndirmə onsuz da 10 ballıq şkala ilə aparılıb. Lakin nəticələr veriləndə vahid şkala olsun deyə 100 ballıq şkalaya keçirilib. Yəni, siz 10 ballıqda 4 bal toplamışdınızsa, 100 ballıqda da 40 nisbi bal toplamısınız. Burda dəyişən nəsə yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə inşalar üçün açıqlanan balın imtahandan sonra 10 dəfə artırılması nəticəsində testdən aşağı bal toplamış şəxslərin növbəti mərhələyə keçə bilməməsi ilə bağlı iddialar yayılıb. Onların sözlərinə görə, bu zaman nəticələri konkret olan test imtahanından yüksək bal almış namizədlər qiymətləndirməsi nisbətən subyektiv olan inşadan yuxarı bal yazılmış namizədlərdən arxada qalırlar.
 

DİGƏR XƏBƏRLƏR

Top