Cavanşir Feyziyev istefa verdi


“Son günlərdə feysbuk səhifəmdə paylaşdığım statusla bağlı yaranan qalmaqala aydınlıq gətirmək üçün aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə deputat Cavanşir Feyziyev feysbuk profilində paylaşım edib.
C. Feyziyev Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciətlə yazdığı paylaşımında medianın hörmətə və sayğıya layiq olduğunu bildirib:
“Bütün cəmiyyətlərdə media ölkənin hərtərəfli inkişafında mühüm amil və vasitə kimi hörmətə və sayğıya layiqdir. Bu hörmət və sayğı həm media nümayəndələri, həm də cəmiyyətin digər üzvləri tərəfindən qarşılıqlı şəkildə sərgiləndiyi təqdirdə daha davamlı və güclü olur. Münasibətlər elə qurulmalıdır ki, ziddiyyətlər yaranmasın, əmələ gələ biləcək kiçik anlaşılmazlıqlar isə qısa zamanda həll yolunu tapsın. 
Mən bir neçə gün öncə feysbuk səhifəmdə yazdığım statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdməmişəm, sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm.
Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm.
Azərbaycan Mətbuat Şurasına ölkədə medianın inkişafı naminə fəaliyyətində  böyük uğurlar arzulayıram”.
Qeyd edək ki, daha əvvəl MŞ sədri Əflatun Amaşov Cavanşir Feyziyevlə əlaqə saxladığını və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müakirə etdiklərini bildirib.
Qeyd edək ki, London məhkəməsi tərəfindən ailəsinə məxsus 5,6 milyon funt sterlinq müsadirə olunan deputat Cavanşir Feyziyev məsələ ilə bağlı yazdığı yazıda bu məsələyə fikir bildirən və deputatı tənqid edən jurnalistləri, həmçinin siyasətçiləri təhqir edib.

DİGƏR XƏBƏRLƏR

Top