Polis Vətən Müharibəsi iştirakçısına təzyiq göstərib? – AÇIQLAMA


Vətən Müharibəsi iştirakçısı Samir Məmmədov polislərdən şikayətçidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İddialara görə, S.Məmmədov müharibədə olan zaman mal-qarasını avtomobil vurub və ona maddi ziyan dəyib. Bununla bağlı aidiyyəti qurumlara müraciət etdiyini deyən vətəndaş, müraciətini geri çəkməsi üçün Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının təzyiqlərinə məruz qaldığını deyir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sosial şəbəkələrdə Vətən Müharibəsi iştirakçısı Samir Məmmədovun Tovuz rayon Polis Şöbəsinin əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil və böhtan xarakterlidir:
“Məlumat üçün qeyd edim ki, 2020-ci ilin oktyabr ayında axşam saatlarında Tovuz rayon Aşağı  Quşçu kəndi ərazisində  Rəşad Məmmədov idarə etdiyi VAZ markalı avtomobil ilə Aşağı Quşçu kənd sakini Cahangir Paşayevə məxsus 7 baş xırda buynuzlu heyvanı vuraraq yol nəqliyyat hadisəsi törədib. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb və ekspetiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə C. Paşayev İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi (Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək 40 manat məbləğində cərimə olunub. Göründüyü kimi xırda buynuzlu heyvanlar Samir Məmmədova deyil onun qunşusu C. Paşayevə məxsusdur, əfsuslar olsun ki Vətən Müharibəsi iştirakçısı hadisədən müəyyən müddət keçdikdən sonra müraciət edərək həmin heyvanların əslində ona məxsus olduğunu və etibarnamə ilə qonşusuna verməsi kimi həqiqətə uyğun olmayan fikirlər səsləndirir”.

DİGƏR XƏBƏRLƏR

Top