
Xəbər verdiyimiz kimi, səhiyyə nazirinin 4 müavini - Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduğu vəzifədən azad olunublar. Onların yerinə isə yeni şəxslər - İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar. Bu barədə Azərbaycan Respublikası Prezidenti 3 fevral 2022-ci il tarixli müvafiq sərəncamlar imzalayıb.
Yeniavaz.com yeni təyin olunan müavinlər haqqında məlumatları təqdim edir:
İlqar Əbülfəz oğlu Qasımov tibb elmləri doktoru, Azərbaycan Respublikasının Baş travmatoloqu, eyni zamanda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Travmatologiya və Ortopediya Kafedrasının Rəhbəri, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.
1982-1988-ci illərdə Azərbaycan Respublikası Tibb İnstitutunu Müalicə işi fakultəsini fərqlənmə ilə bitirib. 1989-1990-cı illərdə İlqar Qasımov Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Travmatologiya və Ortopediya üzrə internatura təhsili alıb. Həmin İnstitutun sümük patologiyası şöbəsinin elmi işçisi olub. 1991-1994-cü ildə Moskva şəhərinin Priorov adına Mərkəzi Travmatologiya İnstitutunda Tibb Elmləri Namizədliyini müdafiə edib. İlqar Qasımov 1996-2000-ci illərdə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda Doktorantura təhsili alıb. 2000-ci ildə Rusiya Federasianin Tibb Elmləri Doktoru dərəcəsinin müdafiəsini edib.
Əmək fəaliyyəti:
2000-2004-cü illərdə İlqar Qasımov Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunun İri oynaqların artroplastikası şöbəsinin baş elmi işçisi olub.
2004-2006-cı illərdə İlqar Qasımov Rusiya Tibb Akademiyasının Diplomdan sonrakı Təkmilləşdirmə Travmatologiya və Ortopediya Kafedrasının elmi işçisi vəzifəsində çalışıb.
2006-2017-ci illərdə professor İlqar Qasımov Azərbaycan Respublikasının MKX,və bir neçə özəl xəstəxanalarında fəaliyyət göstərib.
17.08.2017-ci il tarixdən Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Direktoru olub.
İlqar Qasımov həmçinin Artroplastika və Artroskopiya şöbəsinin rəhbəridir.
O Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Artroplastika və Artroskopiya şöbəsi yaradıb.
Doktor İlqar Qasımovun digər əhəmiyyətli xidməti Bakıda Türk Dünyası Travmatoloqlarını bir araya gətirərək onların birgə konfransını təşkil etməsidir.
11.03.2019-cu ildən professor İlqar Qasımov Azərbaycan Respublikasının Baş travmatoloqu, eyni zamanda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Travmatologiya və Ortopediya Kafedrasının Rəhbəri olub.
Nadir Azər oğlu Zeynalov 1976-cı ildə Bakıda anadan olub. 1993-1999-cu illərdə Azərbaycan Tibb Universiteti (ATU), I müalicə-profilaktika fakultəsində cərrah ixtisası üzrə təhsil alıb. 1999-2001-ci illərdə ATU, I cərrahi xəstəliklər kafedrasının Klinik ordinatura ixtisasında oxuyub. 2001-2004-cü illərdə həmin kafedranın aspiranturasını bitirib. İş təcrübəsinə 1997-1999-cu illərdə Bakıda Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti, 4 N-li stansiyada feldşer kimi işləməklə başlayıb. 2005-ci ildə ATU-nun I cərrahi xəstəliklər kafedrası asistent kimi, daha sonralar isə dosent kimi fəaliyyət göstərib.
İsmayılov Rasim Miskin oğlu 21 may 1973-cü ildə Bakı şəhərində anadan olub.
1980-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı məktəbin 1-ci sinifinə getmiş və 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirərək Səbail rayonu 2 saylı H.Mahmudbəyov adına texniki – humanitar liseyin 9-cu sinifinə qəbul olunub. 1990-cı ildə həmin liseyi bitirərək N.A. Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun kommersiya fakultəsini fərqlənmə diplomu ilə bitirib.
İnstitutu bitirdikdən sonra 2001-ci ilin sentyabr ayınadək Respublika Gigiyena və Epidemiologiya mərkəzində 1-ci dərəcəli mühasib-təftişçi, ali dərəcəli mühasib-təftişçi və aparıcı iqtisadçı vəzifələrində çalışıb.
2001-ci ilin sentyabr ayında Muğan Kommersiya bankında valyuta əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyətə başlamışdır. 2002-ci ilin dekabr ayında həmin bankın müştərilərə xidmət departamentinin rəis müavini, 2003-cü ilin noyabr ayında əməliyyat idarəsinin rəisi və 2005-ci ilin dekabr ayında bankın İdarə heyətinin sədr müavini təyin olunmuş və 2017-ci ilin aprel ayınadək həmin vəzifədə işləyib.
2017-ci ilin aprel ayından avqust ayınadək “Baker Tilly Azərbaycan” audit şirkətində qiymətləndirmə üzrə məsləhət xidmətləri təqdim edib.
2018-ci ilin oktyabr ayından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində işləyib.