Milli Qəhrəmanın həyat yoldaşının təqaüdü niyə dayandırılıb?


“Şəhid Milli Qəhrəmanımızın həyat yoldaşı kimi Şahvələdova Mətanət Ziyəddin qızına, eləcə də onların tək övladına (23 yaşadək) uzun illər Prezidentin aylıq təqaüdü ödənilib. Sosial ödənişlərin təyinatında şəffaflığın təminatı vəziyyətinin yoxlanılması üçün keçirilən monitorinq zamanı M. Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nigah haqqında şəhadətnamə olmadığı müəyyən edildiyindən qanunvericiliyin tələbi ilə həmin təqaüdün ödənişi saxlanılıb”.

Bu barədə Yeniavaz.com-a Dövlət Sosial Müdafiə Fondunun rəsmisi Rəşad Mehdili məlumat verib.
R. Mehdili bildirib ki, buna baxmayaraq təqaüdün bərpası işlərinə başlanıb:
“Lakin Vətənimizin ərazi bütövlüyü uğrunda igidlik göstərmiş Milli Qəhrəmanımızın ailəsinin üzləşdiyi bu vəziyyətin aradan qaldırılması, ailənin xeyrinə hüquqi addımların atılması ilə bağlı işlərə başlanılıb.
Bu səbəbdən, habelə  ailənin uzun illər müvafiq sosial ödənişlə təmin edildiyi nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həmin təqaüdün bərpası və ödənişinin davam etdirilməsi məsələsinin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulub.
Bunun üçün Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə  iş üzrə Mərkəzi Filialının hüquqşünasları tərəfindən müvafiq işlərə başlanıb.
Filialın əməkdaşları ailəni evində ziyarət edərək, məhkəməyə müraciət edilməsi üçün müvafiq sənədləşdirmə, habelə nigahı təsdiq edən məlumatları toplayıblar. Məsələnin müsbət həlli üçün işlər davam edir”.
Qeyd edək ki, daha əvvəl Mətanət Şahvələdovanın sosial şəbəkələrdə ona verilən təqaüdün kəsilməsi ilə bağlı Prezidentə müraciəti yayılmışdı. O, müraciətində bildirib ki, həyat yoldaşı, Milli Qəhrəman Pərviz Səmədov ilə nigah haqqında şəhadətnamə olmadığı üçün təqaüdü kəsilib.

DİGƏR XƏBƏRLƏR

Top