"Düzdür, polisdə işim olub, amma başqa məsələ ilə bağlı..." - VİDEO


Xəbər verdiyimiz kimi, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində 40 nəfər saxlanılıb. Saxlanılanlar arasında sərbəst güləş üzrə gənclər arasında dünya çempionu, Bakı-2017 İslam Oyunlarının, Minsk-2019 Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov da olub.

Yeniavaz.com xəbər verir ki, bu xəbərlərdən sonra instaqram hesabında canlı yayım edən idmançı tutulmasını təkzib edib.
M. Əmiraslanov deyib ki, haqqında deyilənlər yalan, şər, böhtandır:
“Guya polis məni saxlayan zaman üzərimdə psixotrop maddələr, 4 kq heroin və digər narkotik növləri olub. Bilirsiniz ki, 4 kilo narkotiklə tutulan biri azadlıqda ola bilməz. Bunların hamısı şərdir, böhtandır, bir oyundur. Həqiqətən, bilmirəm kimlərin oyunudur. O şeylə mənim əlaqəm yoxdur, kiməsə nəsə satım. Yazıblar ki, guya Balaxanı, Maştağa, Mehdiabadı mən narkotiklə təmin edirəm. Məndə O qədər narkotik tutulubsa, ən azından evimə polis gələrdi, araşdırardı. Düzdür, mənim polisdə işim olub, amma başqa məsələ ilə bağlı olub. O tutulanların heç birinin üzünü belə görməmişəm”.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyası da açıqlama yayıb. Federasiyadan bildirilib ki, 25 yaşlı idmançı narkotik aludəçiliyindən xilas olmaq üçün daha əvvəl federasiyanın təşəbbüsü ilə müalicə alıb. Qurum rəsmisi deyib ki, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş güləşçi tam sağalaraq məşqlərə başlasa da, son Azərbaycan çempinatında medalçılar sırasında yer almadığı üçün milli komandadan kənarlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top