“Fikrimə bildirilən münasibətə görə məhkəməyə verilə bilmərəm, onda Zukerberqi versinlər məhkəməyə”


“Qanunvericilikdə belə bir maddə yoxdursa, onların tələbləri düzgün deyil”.
Bunu Baş Prokurorluğun “Yeniavaz.com” (“Yeniavaz.az”) saytını məhkəməyə verməsinə münasibət bildirən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.
E. Şıxlı bildirib ki, insan yazmadığı fikrə görə məsuliyyət daşımır:
“Özgəsinin dediyi fikrə mən cavabdeh deyiləm. Qanunvericilikdə belə bir şey yoxdur. Yoxdursa, deməli, qeyri-qanunidir. Ümumiyyətlə, sosial şəbəkə istifadəçiləri söyüş, təhqir yazırlarsa, buna qarşı nə isə etmək lazımdır. Mən kiminsə mənim fikrimə münasibət bildirdiyinə görə məhkəməyə verilə bilmərəm, qanunvericilikdə belə bir şey yoxdur”.
E. Şıxlı qeyd etdi ki, sosial şəbəkə istifadəçilərinin də öz məsuliyyəti olmalıdır:
“Feysbuka siz cavabdeh deyilsiniz. Onda Zukerberqi (Feysbukun təsisçisi və rəhbəri – red.) məhkəməyə versinlər. Bu sizin sayta (Yeniavaz.com - red.) aidiyyəti olmayan bir şeydir. İnsanlar çox şey yaza bilər. Amma müəyyən mənada sosial şəbəkə istifadəçilərinin məsuliyyəti olmalıdır. Sosial şəbəkələrdə müxtəlif cür insanlar var, nə gəldi yazırlar. Siz (Yeniavaz.com - red.) ora necə cavabdeh ola bilərsiniz?”
E. Şıxlı dünya praktikasında belə bir halla rastlaşmadığını da sözlərinə əlavə etdi:
“Mən heç yerdə belə bir şey eşitməmişəm. Fikrə görə heç kimi tutmurlar”.
Qeyd edək ki, ”Facebook” sosial şəbəkəsində “Yeniavaz.az” səhifəsində qanunla qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi Namiq Əliyev inzibati məsuliyyətə cəlb olunaraq Binəqədi rayon məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs olunub. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, həmin informasiyanı öz internet informasiya ehtiyatından götürülməsi üçün qanunla nəzərdə tutulan tədbiri görməmiş saytın fəaliyyətinə cavabdeh olan hüquqi şəxs “Azərmedia” MMC barəsində inzibati icraat başlanılaraq Nəsimi rayon məhkəməsinə göndərilib.
Məlumatda adıçəkilən şəxs “Yeniavaz.az” saytı ilə əlaqələndirilib. “Yeniavaz.com” (“Yeniavaz.az”) xəbər saytı olaraq bildirmişik ki, bizim Namiq Əliyev adında əməkdaşımız mövcud deyil. Bundan əlavə sözügedən şəxs barəsində və ya onun yaydığı hər hansı bir məlumat “Yeniavaz.com” saytında və sayta aid sosial şəbəkə vasitələrində yerləşdirilməyib. Eyni zamanda hər hansı informasiyanın saytdan və ya sosial şəbəkədən götürülməsi ilə bağlı “Yeniavaz.com” xəbər saytına Baş Prokurorluq tərəfindən heç bir məlumat daxil olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top