AzTV Rəsulzadə ilə bağlı filmi niyə yayımlamayıb? - AÇIQLAMA + YENİLƏNİB


“Caspian Media Holding”in yaradıcısı, “Yüz İlin Sirləri” layihəsinin müəllifi Hüseyn Cavadzadənin Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadə ilə bağlı hazırladığı sənədli filmin efirə getməyəcəyini açıqlamasından və bunun mətbuatda gündəmə gəlməsindən sonra AzTV də bu barədə açıqlama yayıb.
Yeniavaz.com
xəbər verir ki, açıqlamada deyilir:

“Bu gün AzTV hansısa verilişi efirə verməməkdə ittiham olunur.

Əvvəla, həmkarlarımızdan soruşmaq istərdik ki, söhbət hansı verilişdən gedir? Yaxud nəzərdə tutduqları verilişin adını çəksinlər, biz də maraqlanaq ki, həmin verilişin anonsu AzTV-nin efirində yayımlanıbmı? Efirdə deyilibmi, yaxud proqramda yazılıbmı ki, bu veriliş efirə gedəcək? Əgər yazılmayıb və deyilməyibsə, hansısa verilişin TV-də yayımlanmaması ilə bağlı ittiham irəli sürmək hansı əsasa və ya məntiqə sığır?

İkincisi, TV-də onlarla verilişlər hazırlanır, bəzən hətta anonsu verilsə də, efirə daha çox texniki səbəblərdən təqdim olunmur. Bu xəbərdirmi? Və ya bundan xəbər düzəltmək nə dərəcədə məntiqli və peşəkar yanaşmadır?

Mövzuya gəlincə, AzTV-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə yüzlərlə material yayımlanıb və bu gün də efirə verilir. M.Ə.Rəsulzadənin nəvəsinin ilk olaraq məhz AzTV-də efirə çıxması və maraqlı açıqlamalar verməsini diqqətli tamaşaçılar, yəqin ki, unutmayıblar.

Odur ki, bu mövzuda hər hansı kampaniyaya  start verilməsinin özü, düşünürük ki, ayıbdır”.

Maraqlıdır ki, televiziyanın açıqlamasında efirdə sözügedən verilişin anonsunun getmədiyi bildirilsə də, H. Cavadzadə yanvar ayının 22-də verilişin anonsunu paylaşıb. Anonsun sonunda verilişin yanvar ayının 30-da saat 22:00-da AzTV-də yayımlanacağı elan olunur.



***11:50

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138 illiyi ilə bağlı “Caspian Media Holding” tərəfindən hazırlanan və AzTV-də nümayiş etdirilməsi nəzərdə tutulan sənədli film dövlət televiziyasında yayınlanmayacaq.

Yeniavaz.com xəbər verir ki, Rəsulzadə haqqında çəkilən sənədli filmin AzTV-də yayımlanmayacağını “Caspian Media Holding”in yaradıcısı, layihənin müəllifi Hüseyn Cavadzadə deyib.
Qeyd edək ki, “Yüz ilin sirləri” sənədli filminin Rəsulzadəyə həsr olunan bölümünü Hüseyn Cavadzadə yanvarın 27-də özünün sosial şəbəkə hesabında açıqlamışdı:
“Rəsulzadə sevənlər və ya xalq! Çoxdan intizarla gözlənilən, arzulanan “Yüz İlin Sirləri”nin Azərbaycanın qurucusu M.Ə.Rəsulzadəyə həsr olunan buraxılışı 31 yanvar, Rəsulzadənin doğum günü tarixində, bizim isə verilişimizin 1 illiyi münasibəti ilə bağlı tədbirimizdə yayımlanacaq”.
Lakin 1 gün sonra elə sözügedən paylaşımın şərh bölməsində H. Cavadzadə “Yüz İlin Sirləri”nin Rəsulzadəyə həsr olunan bölümünün AzTV-də yayımlanmayacağını bildirib.

 

Qeyd edək ki, "Yüz ilin sirləri" tarixi şəxsliyyətlərlə bağlı AzTV-də yayımlanan sənədli filmlər rubrikasıdır.

DİGƏR XƏBƏRLƏR

Top