Şamaxının bu kəndində sakinlər ermənilərə qəbirləri qorumaq sözü veriblər - VİDEO


Şamaxının Kərkənc kəndinin girişində yolun sol tərəfində azərbaycanlı, sağ tərəfində isə erməni qəbiristanlığı var.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Azərbaycan bürosunun kənddən hazırladığı reportajda deyilir.
Erməni qəbiristanlığındakı köhnə daşlardan və mərmərdən olan məzarlar dəmir məhəccərlərin içərisindədir.
Bildirilir ki, 1989-cu ildə Kərkəncin erməni əhalisi ilə, Ermənistandakı Qızıl Şəfəq kəndinin azərbaycanlı əhalisi hamılıqla qarşılıqlı razılaşma əsasında evlərini dəyişiblər.
Kənd əhalisi deyir ki, evlərini dəyişən zaman hər iki tərəfdən yaşlı adamlar bir-birlərinin qəbiristanlıqlarını qoruyacaqlarına, hətta ildə bir dəfə gəlib ziyarət edəcəklərinə söz veriblər.
Kənddə yaşayanlar sosial problemlərinin olduğunu da bildiriblər. Sakin Zaman Balakişiyev deyir ki, kəndin yolları yararsız vəziyyətdədir. Rayon mərkəzinə getmək onlara baha başa gəlir. Z. Balakişiyev 80 illik su kəmərlərinin çürdüyünü, kənddə su probleminin də yaşandığını sözlərinə əlavə edib.
Şamaxı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəşad Əliyev “Azadlıq Radiosu”na bildirib ki, Kərkənc kəndinin sosial problemlərinin həlli planlaşdırılır:
“Hazırda Şamaxıda şəhərdaxili yollarda asfaltlama işləri davam etdirilir. 20-30 il əvvəldən asfalt görməyən küçələr asfaltlanır. Növbəti mərhələdə kənddaxili yolların da asfaltlanması nəzərdə tutulur. Bizdə subarteziyan quyularının qazılması da nəzərdə tutulub. Mərhələli surətdə hamısı olacaq”.
“Azadlıq Radiosu”nun Azərbaycan bürosunun Şamaxının Kərkənc kəndindən reportajını təqdim edirik.

DİGƏR XƏBƏRLƏR

Top