Görüntülərə görə töhmət alan müəllim danışdı - VİDEO


Təhsil Nazirliyinin töhmət verdiyi müəllim ona qarşı haqsızlığa yol verildiyini iddia edir.
Yeniavaz.com
xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən töhmət alan Nərgiz İsmayılova baş vermiş hadisənin təfərrüatını ''xəzər xəbər''ə danışıb.
Sosial şəbəkələrdə yayılan və geniş müzakirələrə səbəb olan videoda dərs keçən 165 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Nərgiz İsmayılova bildirib ki, həmin şagirdlərin sinifdə bundan əvvəl də etdiyi qeyri-etik davranışlarına görə əvvəlcədən məktəb rəhbərliyinə məlumat verilib.
Təhsil Nazirliyi tərəfindən verilən töhmətə özünü layiq görməyən Nərgiz İsmayılova iddia edir ki, videoda qeyd olunan, dərs zamanı baş verən bu hadisələrin çox hissəsindən xəbəri olmayıb:
“Mənim o videonun çəkilməsindən, şagirdin ayağını partanın üzərinə qoymasından xəbərim olmayıb. Yalnız şagirdlərdən biri partanın üstünü əlində götürüb oynadan zaman mən ondan xəbər tutdum. Bu tənəffüs vaxtı idi. Həmin vaxt onları danladım”.
25 ildən artıqdır  ki, coğrafiya fənnindən dərs dediyini qeyd edən Nərgiz İsmayılova həmin video sosial şəbəkədə yayıldıqdan və ona töhmət verildikdən sonra səhhətində problemlərin yarandığını deyib:
“Bu video mənim həyatıma dəyən bir zərbə oldu. Töhmət veriləndən sonra mənim halım dəyişib. Təzyiqim qalxıb, başqa xəstəliklərim də var”.
Müəllim ona verilən töhmətin ləğv olunması üçün Təhsil Nazirliyinə müraciət etmək fikrində olduğunu da bildirib.

DİGƏR XƏBƏRLƏR

Top