Tural Sadıqlı və Fikrət Hüseynov axtarışa verildi


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BŞBPİ-nin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, Sadıqlı Tural Əlövsət oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) axtarış elan edilib. Hüseynov Fikrət Nurəli oğlu barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318.1.2 (qanunsuz miqrasiyanın təşkili), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarış elan edilib.
Xatırladaq ki, Tural Sadıqlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq idarəsi tərəfindən barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.
Yerli mətbuatda Fikrət Hüseynovun da daha əvvəl İnterpol xətti ilə Beynəlxalq axtarışa verilməsi ilə bağlı xəbərlər dərc olunub.
Qeyd edək ki, T.Sadıqlı Almaniyada, F.Hüseynov isə Niderlandda yaşayır.
 

DİGƏR XƏBƏRLƏR

Top