Daxili İşlər Nazirliyi Ülvi Həsənlinin polis bölməsində təzyiqə məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sumqayıt şəhərində Ülvi Həsənlinin izahat yazmaq üçün getdiyi polis orqanında təzyiqlərə məruz qalması ilə bağlı iddiaların əsassız olduğunu bildirib: "Həqiqəti əks etdirmir. Bu iddiaların yayılması onun barəsində aparılan araşdırmadan yayınmaq məqsədi daşıyır. Ülvi Həsənli aktiv COVİD-19 infeksiyası daşıyıcısı olduğu halda müalicə təyin olunan ünvanı tərk edərək polis orqanına gəlib. Qeyd olunan hallarla bağlı onun barəsində Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsinə əsasən araşdırma başlayıb, digər şikayətləri isə nəzarətə götürülməklə xidməti yoxlama aparılır".
Xatırladaq ki, ötən gün Ülvi Həsənli sosial şəbəkələrə vasitəsilə müraciət edərək polis idarəsində təzyiqlərə məruz qaldığını iddia etmişdi.