Ağsuda çadırda qalan yaşlı qadınla bağlı DİN-dən açıqlama - YENİLƏNİB


"Ağsu rayonu Ərəbmehdibəy kənd sakini  Əzəmət Mikayılovanın mal-qarasının aldadılaraq əlindən alınması və evinin yandırılması ilə bağlı Ağsu Rayon Polis Şöbəsinə, eləcə də “102” Zəng Mərkəzinə hər hansı bir müraciəti daxil olmayıb".
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a məlumat verilib. Qeyd olunub ki, yayılan videogörüntülərlə əlaqədar qadının ilkin olaraq səhhətinin yoxlanılması üçün xəstəxanaya yerləşdirilməsi və daha sonra barəsində müvafiq qərar qəbul edilməsi üçün Rayon İcra Hakimiyyəti, polis şöbəsi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən birgə zəruri tədbirlər görülür.

***11:38
Ağsu rayonu Ərəbmehdibəy kənd sakini Mikayılova Əzəmət Möhübbət qızı 11 ildir ki, kənddən təxminən 10 km aralıda, çöllük ərazidə, acınacaqlı vəziyyətdə yaşayır.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə onun yaşadığı şəraitlə bağlı görüntülər yayılıb.
Bildirilir ki, ağaclardan özünə çadır düzəldən bu tənha qadına qayğı göstərən yoxdur.
Qadın bildirir ki, Ərəbmehdibəy kəndinin icra nümayəndəsi, o cümlədən bir çox rəsmi şəxslər onun bu şəraitdə yaşamasını görüblər.
Qadının dediyinə görə, əvvəllər onun mal-qarası olub, ancaq 2019-cu ildə aldadaraq əlindən alıblar. Kənd ərzisində onun evi də olub, lakin yandırılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinə, Şəki Apellyasiya Məhkəməsinə müraciətlər edib.
Ə. Mikayılovanın sözlərinə görə, onun bu vəziyyətə düşməsinə səbəb Ərəbmehdibəy kəndinin icra nümayəndəsidir (Hüseynov Hacıağa Ələddin oğlu – red.):
“Elə mənim evimi o yıxıb”.
Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətin ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, yayılan videodan xəbərdar deyillər:
“Məlumatımız yoxdur. Rəhbərliyə məlumat verərik. Araşdırıb, məşğul olarıq”.

DİGƏR XƏBƏRLƏR

Top