Yanvarın 20-də Bakı metrosunun iş rejimi dəyişdiriləcək

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişikliklər ediləcək və gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.

“Bakı Metropoliteni” QSC-dən Yeniavaz.com-a verilən məlumata görə, yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə və plaftormasına baxış keçirilib, zəruri tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiya platformasına metropoliten işçilərindən qaravul dəstəsi düzüləcək.

Yanvarın 20-də saat 12:00-da əvvəlcədən xüsusi işlənərək, planlaşdırılmış cədvələ uyğun olaraq bütün qatarlar stansiyalarda dayandırılacaq. Qatarlardan bir dəqiqə ərzində fasiləsiz fit verilməsi təmin ediləcək.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər “20 Yanvar” stansiyasında şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edəcəklər, deyə məlumatda deyilir.

Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı metropoliteninin “20 Yanvar”, “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin, zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.

Gün ərzində bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top