“Rus sektoru” dərsliklərində “20 Yanvar” təhrif olunur? - "AXC silahlıları..." + FOTOLAR


Azərbaycan məktəblərində rus bölməsinin 4-cü sinif şagirdləri üçün 20 Yanvar faciəsinin kəskin təhrif olunmuş şəkildə tədris olunduğu iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, Rus dili dərsliyində 20 Yanvar faciəsi ilə bağlı təhrif olunmuş mətnin fotosu sosial şəbəkələrdə yayılıb.
Mətndə dinc sakinlərin küçə döyüşləri zamanı həlak olduğu yazılıb. Müəlliflərinin Nəsimi rayon 23 nömrəli tam orta məktəbin müəllimələri Bela Nuriyeva və Nigar Mustafazadə olduğu Dərslikdə 20 Yanvar faciəsi aşağıdakı kimi təsvir edilir:
“Sovet ordusu AXC-ni darmadağın etmək və Azərbaycanda hakim partiyanın qüdrətini xilas etmək üçün Bakı şəhərinə basqın etdi. Əməliyyatın kod adı "Zərbə" idi. Qoşunlar silahdan istifadə edərək şəhərə gedən yollardakı piketləri yarıblar. AXC silahlıları ilə əsgərlərin küçə döyüşləri zamanı dinc sakinlər həlak olub. Televiziya stansiyasının bloku partladıqdan sonra televiziyanın efiri kəsildiyindən şəhər sakinləri bir müddət informasiya blokadasında qaldılar. Bakılıların əksəriyyəti fövqəladə vəziyyətin tətbiqi barədə yalnız səhər tezdən radiodakı elandan və helikopterlərdən atılan vərəqələrdən xəbər tutmuşdular”.
Məsələ ilə bağlı 23 nömrəli məktəblə (kitabın həmmüəlliflərinin çalışdığı məktəb) əlaqə saxlamağa çalışdıq. Lakin telefonlarımıza cavab verilmədi.
Təhsil Nazirliyindən isə bununla bağlı açıqlama veriləcəyi bildirildi.
Qeyd edək ki, sözügedən dərsliyin pdf formatı “e-derslik.edu.az” saytında da mövcuddur.


Lakin elektron versiyada kitabın çap məlumatları (tarix, redaktor, tiraj) göstərilmir.



DİGƏR XƏBƏRLƏR

Top