Narkotik aludəçisi olduğu deyilən azyaşlı küçədə gecələyir - AÇIQLAMA + FOTO


Narkotik asılılığından psixi xəstəyə çevrilən 11 yaşlı uşağın fotosu yayılıb.
Yeniavaz.com
xəbər verir ki, uşaq barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə feysbuk profilində paylaşıb.
“Həmin uşaqdır... Dəfələrlə yerləşdirilən... Dəfələrlə qaçan və ya qaçmağa şərait yaradılan...
Bu uşaq narkotik asılılığından psixi xəstəyə çevrilib. Heç olmasa onu ruhi-əsəb xəstəxanasına yerləşdirin. Ruslanı dəfələrlə Bakı şəhər Polis İdarəsinin əməkdaşları, Yasamal Polis İdarəsinin əməkdaşları tapıb aparıb aidiyyatı yerə, daha dəqiq desəm, Səhiyyə Nazirliyinin 103 xidməti vasitəsi ilə dispanserə, xəstəxanaya yerləşdirilib, amma heç 1 saat keçmədən səhiyyə müəssisəsi əməkdaşları “ayyy, qaçdı!” deyib xəstə bir uşaqdan qurtulublar”.
K. Ağazadənin statusuna  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu şərh yazıb ki, uşaq dəfələrlə xəstəxanaya yerləşdirilsə də, hər dəfə ordan qaçıb.
“Sonuncu dəfə bizim əməkdaşın iştirakı ilə, təcili yardım avtomobili ilə aparılan zaman da qaçmışdı”.
Bu şərhə cavab olaraq birliyin sədri bunları yazıb:
“Qaçmayıb ,qaçmağa şərait yaradılıb. Qaçanda daha “başını buraxmaq” lazımdır? Bu uşaq xəstədir, onun qaçacağını nəzərə almaq lazımdır. Bir dəfə sizin yanınızdan qaçdıqda tapdınız? Bunu rəsmi qaydada, sərəncam əsasında yerləşdirmək və lazımi müalicəni səhiyyə müəssisəsində aparmaq lazımdır”.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Komitə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyinin vasitəsilə bir neçə dəfə uşağı səhiyyə ocağına yerləşdirib:
“Dəfələrlə həmin səhiyyə ocağından qaçıb. Sonuncu dəfə də təcili yardım avtomobili ilə sığınacağa aparılarkən, yenə də qaçıb. Uşağın ailəsi 5 nəfərdən ibarətdir və  Bərdə şəhərində yaşayırlar. Qeydiyyatları, sənədləri yoxdur. Bununla bağlı Bərdə şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komisiyyasiyaya məlumat verilib. Bu gün həmin uşağın fotosu yenidən yayılıb. Görünür ki, uşaq yenə də yerləşdirildiyi müəsissədən qaçıb. Buna baxmayaraq, aidiyyatı üzrə Bakı Şəhər Baş Polis İdarəsinə dərhal məlumat verilib. Uşağın yeri müəyyənləşdirilib. Hazırda onun yenidən həmin ərazidən götürülərək, səhiyyə ocağına yerləşdirilməsi prosesi aparılır. Eyni zamanda uşağın sənədlərinin də hazırlanması işlərinə başlanılıb”.

DİGƏR XƏBƏRLƏR

Top