Saxta əlillik sənədi verən TSEK sədri hakim qarşısına çıxır


Pensiya təyinatına dair sənədləri saxtalaşdırmış sabiq komissiya sədri hakim qarşısına çıxarılır.

Baş prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatdırılıb.

İstintaqla Ağaməhəmməd Hüseynovun 2014-cü ildə komissiyanın sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 16 nəfərə dair müvafiq sənədlərdə əlilliyin təyini müddəti bir il olduğu halda, həmin qeydləri dəyişib müddətsiz etməsinə, öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmasına, qanunsuz əməllərdən xəbərsiz olan DSMF-nin Şabran rayon şöbəsinin əməkdaşları tərəfindən sözügedən saxta sənədlər əsasında daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılaraq 2015-2020-ci illər ərzində ümumilikdə 148 min 460 manat artıq vəsaitin köçürülməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlarla Ağaməhəmməd Hüseynov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib. Cinayət işi baxılması üçün məhkəməyə göndərilib. İstintaq zamanı dövlətə vurulmuş ziyanın bir hissəsi ödənilib.

DİGƏR XƏBƏRLƏR

Top