Ölkə başçısı çörəyin qiymətinin qalxmasından danışdı


“Prinsip etibarilə bizim siyasətimizin təməlində insan faktoru mərkəzdə olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstəririk”.

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. 

Dövlət başçısının sözlərinə görə, həm maaşların, pensiyaların qaldırılması, təqaüdlərin qaldırılması, sosial obyektlərin yaradılması, keçmiş məcburi köçkünlərə, şəhid ailələrinə diqqətin göstərilməsi - bütün bu sosial paket imkan verirdi ki, iqtisadi islahatları uğurla həyata keçirək: “Keçən il qəbul edilmiş qərarın məqsədində bu faktor dayanır. Çünki çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər artmışdı, həm də ixrac rüsumları artmışdı və artmaqda davam edir. Təbii ki, süni şəkildə çörəyin qiymətini biz əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq, eyni zamanda, burada dövlət orqanlarının tənzimləyici rolunu gücləndirərək ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın. Eyni zamanda, çox geniş sosial paket də həyata keçirildi. Bildiyiniz kimi, minimum əməkhaqqı 20%, minimum pensiya 20%, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Biz müntəzəm olaraq maaşları qaldırırıq. Əgər misal üçün son 10 ilin tarixçəsinə nəzər salsaq görərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün işləri aparmalıyıq. İnsanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir.

Digər instrumentlər var və biz onlardan istifadə edirik. Azərbaycan xalqı əmin ola bilər ki, imkan daxilində, imkan yarandıqca biz əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldəcəyik. Necə ki, mən qeyd etdiyim kimi, vergi orqanları proqnozdan 1,4 milyard manat vəsait artıq toplayıblar, 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi. Yəni, əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirildi və bu, bir daha bizim sosial sahəyə nə qədər böyük önəm verdiyimizdən xəbər verir”.

DİGƏR XƏBƏRLƏR

Top