Şeyx Roma Papası ilə görüşəcək


Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşür.
Yeniavaz.com xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların təmsil olunduğu nümayəndə heyətinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete daxildirlər.
Azərbaycanın dini konfessiya rəhbərlərinin Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilən səfəri Müqəddəs Taxt-Tacla Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişlənməsi fonunda dinlərarası dialoq və əməkdaşlıq müstəvisində yeni imkan və perspektivlər açır. Vatikan tərəfinin əməkdaşlıqda maraqlı olduğunu Roma Papası Fransisk 2016-cı ildə Bakıya həvari səfəri zamanı Azərbaycandakı dini konfessiya rəhbərləri ilə görüşündə ifadə etmiş, qarşılıqlı səfərlərin önəmini vurğulamışdı.
Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Vatikan dövlətinin başçısı və dünya katoliklərinin lideri - Roma Papası Fransisk həzrətləri, habelə Müqəddəs Taxt-Tacın bir sıra ali rəsmiləri, o cümlədən, Dövlət katibi Kardinal Pietro Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının rəhbəri Kardinal Migel Ayuso, Xarici dövlətlər ilə əlaqələr üzrə Katib Arxiyepiskop Riçard Qallaher və digərləri ilə görüşləri planlaşdırılır. Görüşlər zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında dini-mənəvi irsin bərpası, məscid, kilsə və məbədlərin yenidən qurulması sahəsində görülən işlər barədə ətraflı bəhs olunması, Azərbaycan həqiqətləri və multikultural həyat tərzi barədə fikir mübadiləsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, Qafqaz Müsəlmanları İdarəsinin Vatikanla dini-mənəvi əlaqələri uzun illərdir uğurlu şəkildə inkişaf edir. Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq və əməkdaşlığa dair beynəlxalq tədbirlərində Vatikan rəsmiləri ilə uğurlu, səmərəli işbirliyi, əməli əməkdaşlıq təcrübəsi mövcuddur. Şeyxülislam A. Paşazadə və Vatikanın Dinlərarası dialoq üzrə Pontifik Şurasının rəhbəri Kardinal Migel Ayuso KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləridirlər. Dini liderlərin Ümumdünya Bakı Sammitlərində, habelə QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi xəttilə həyata keçirilən beynəlxalq tədbirlərdə Vatikan hər zaman yuksək səviyyədə təmsil olunur.
Azərbaycanın dini konfessiya rəhbərləri Vatikana səfər müddətində Azərbaycan dövlətinin milli-mənəvi irsini qorumaqla yanaşı bəşəri dəyərlərə ehtiram və qayğı ilə yanaşmasının göstəricisi olan, ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda Heydər Əliyev Fondunun xəttilə həyata keçirilən misilsiz əhəmiyyətə malik layihələrlə tanış olacaqlar.
Yanvarın 17-nə kimi davam edəcək səfər Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlərin dini-mənəvi müstəvidə, dinlərarası dialoq və əməkdaşlıq platformasında daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top