“Rusca danışan şəxslər xəbərdarlıq etmədən atəş açırdılar...” – Qazaxıstanlı fəal


“Yanvarın 6-ı axşam saatlarında Almatı mərkəzi Respublika meydanında toplaşan etirazçılara rusca danışan şəxslər heç bir xəbərdarlıq etmədən atəş açırdılar”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri şahidlərdən biri, 64 yaşlı  qazaxıstanlı siyasi fəal və insan haqları müdafiəçisi Meyrxan Abdumanapov sibreal.org-a verdiyi müsahibədə deyib.
O bildirib ki, şəhərdən kənarda yaşadığı üçün və Qazaxıstan hüquq-mühafizə orqanları fəalların evini nəzarətə götürdüyünə görə yanvarın 4-də Almatıda etirazlar başlayanda meydana gələ bilməyib:
“Nəhayət, yanvarın 5-də, günorta saatlarında hakimiyyət bütün ölkə boyu interneti kəsəndə meydana gedə bildim.  Meydana çatanda orada insan seli vardı və şəhər administrasiyasının binası yanırdı. Etirazçılardan bu hadisələri kimin törətdiyini soruşdum. Mənə bilmədiklərini dedilər. Bizə oranı yandırmaq lazım deyildi. Biz sadəcə binanı qərargaha çevirmək istəyirdik. Üstəlik, yanğın törədənlər yanacaq da daxil olmaqla hər şeyi əvvəlcədən hazırlamışdılar”.
Meyrxan Abdumanapovun sözlərinə görə, yanvarın 5-dən 6-na keçən gecə meydanda azsaylı etirazçılar qalıb, qalanlar evlərinə dağılışıblar. Ertəsi gün, yanvarın 6-da səhər saatlarında meydana hərbçilərlə dolu yük maşınları, bir neçə BTR və digər hərbi maşınlar yaxınlaşıb. Əsgərlər maşınlardan düşüb meydanı əhatəyə alıblar. Etirazçıların içərisindən bir neçə nəfər, o cümlədən Abdumanapov əllərinə ağ bayraq alaraq hərbçilərlə danışıqlara girməyə cəhd ediblər. Meydanı əhatələyən hasara yaxınlaşanda onlara xəbərdarlıq atəşi açılıb, bir nəfər yaralanıb.
“Sonra atəş dayandı. Hərbçilərdən biri yaxınlaşaraq adını və soyadını dedi. İndi xatırlamıram. O, qarətçilərin kim olduğunu bildiyini və onların bizdən olmadığını bildirdi.  Hərbçi daha sonra nümayişi davam etdirə biləcəyimizi və aramızdakı silahlı şəxsləri kənarlaşdırmalı olduğumuzu qeyd etdi. Dedi ki, əgər onlardan kimsə əsgərlərə atəş açsa cavab atəşi açacaqlar və nəticələrinə görə də cavabdeh olmayacaqlar”,- deyə Abdumanapov əlavə edib.
Qazaxıstanlı fəalın sözlərinə görə, bu danışıqdan sonra axşam saatlarına qədər sakitlik olub. Daha sonra rus qoşunları və KTMT hissələrinin şəhərə gələrək, etirazçıları öldürmək üçün atəş açacaqları barədə xəbərlər yayılmağa başlayıb:
“Bu xəbərləri eşitdik amma inanmadıq. Lakin hava qaralanda, saat təxminən 18.30 radələrində əvvəlcə şərq, sonra qərb tərəfdən meydana tərəf üstündə pulemyotlar olan BTR-lər gəlməyə başladı. Yaxınlaşan kimi heç bir xəbərdarlıq etmədən pulemyotlardan atəş açmağa başladılar. İnsanlar hərə bir tərəfə qaçdı, mən azı 7 nəfərin yerə yıxıldığını gördüm. Onlardan iki gənc artıq ölmüşdü.  Daha bir nəfər yaşlı adam isə yaralanmışdı. Mən onu qaldırmağa çalışdım amma bacarmadım. Bu vaxt güllələr lap yanımdan keçməyə başlamışdı. Təcili yardıma zəng vurdum  ki, gəlib yaralıları götürsünlər. Və biz meydanı tərk etməli olduq”.
O bildirir ki, rus dilində danışan əsgərlər ərazidən çıxmayanları güllələməklə hədələyirdilər:
“Qazax dilində heç bir söz demirdilər. Buradan belə nəticəyə gəldik ki, bunlar rus qoşunlarıdır. Mən indi internetə qoşulmaq üçün Qırğızıstanla sərhəddəyəm. Mən qırğız sim kartından danışıram. Bütün yol boyu hərbçilər dayanır, maşınlarda silah axtarır, sənədləri yoxlayır. Bundan əlavə, bildirmək istəyirəm ki, Qazaxıstandakı bütün mitinqlər icazəli xarakter daşıyır və onlar beş gün əvvəl razılaşdırılmalıdır. Əgər hakimiyyət bununla razılaşmasa, iştirakçıları məcəlləmizin 488-ci maddəsinə əsasən 10-15 sutka həbs və ya cərimə gözləyir. Hakimiyyət heç vaxt icazə vermir və həmişə aksiyalar dağıdılır. Bu dəfə, hələ əsas hadisələr başlamamışdan əvvəl bir çox yerli liderlər və populyar fəallar inzibati həbsdə idi”.

DİGƏR XƏBƏRLƏR

Top