Şagirdlərin fotoları ilə gündəmə gələn kənddə məktəb tikiləcək

Astaranın Diqo kəndində məktəbin olmaması, şagirdlərin təhsil almaq üçün çətin yollarla 5 km aralıda yerləşən qonşu Pəlikəş kəndinə getmələri ilə bağlı məlumat vermişdik. Yolun uzaqlığı və digər problemlər kəndin 10 yaşlı sakini Şindanı da təhsildən kənar qoyub. Yazının saytımızda yayımlanmasından sonra Təhsil Nazirliyi bu il tikintisi planlaşdırılan məktəblər arasında Diqo kənd məktəbinin də adını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Cəsarət Valehov feysbuk səhifəsində yazıb. 

““Qafqazinfo.az” saytında yayımlanan Astaranın Diqo kəndinin 10 yaşlı sakini Vahabov Şindan Şəkər oğlunun təhsil məsələsi ilə bağlı rayon təhsil şöbəsi tərəfindən araşdırma aparılıb. Şindan ibtidai təhsilini Şəvqo kənd ibtidai məktəbində alıb. Hazırda Pəlikəş kənd tam orta məktəbin V sinif şagirdidir. Şagirdin valideynindən sağlamlıq haqqında arayışın istənilməsi və məsafənin uzaqlığı səbəbindən onun davamiyyətində problem yaranıb. Yaxşı xəbər odur ki, bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq”. 

C. Valehov həmçinin qeyd edib ki, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib.

DİGƏR XƏBƏRLƏR

Top