Soyuq mənzildə yaşadığı deyilən şəhid anası ilə bağlı AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsində yaşayan, şəhid Nicat Salahovun anası, I dərəcə əlilliyi olan Aygün Salahovanın soyuq mənzildə çətin vəziyyətdə qalması ilə bağlı paylaşılan məlumatlara aydınlıq gətirib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, qurumdan 1 saylı internat məktəbinin məzunu olan Nicat Salahovun Abşeron rayonunda yerləşən valideyn himayəsindən məhrum olmuş məzunlar üçün tikilmiş “Məzun evi”ndə 4 il öncə mənzillə təmin edildiyi bildirilib:

“Vətən müharibəsində iştirak edən Nicat şəhidlik zirvəsinə ucaldıqdan sonra ona verilmiş mənzildə yaşamağa davam edən anası Aygün xanım daim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanıb, mütəmadi olaraq qayğı ilə əhatə olunub. 

Aygün Salahovaya şəhid ailəsi üzvü kimi Prezidentin aylıq təqaüdü (500 manat), II dərəcə əlilliyə görə sosial müavinət (180 manat) təyin edilib. Həmçinin sığorta ödənişi (11000 manat) və “YAŞAT” Fondu tərəfindən maddi yardım (2500 manat) edilib.

Mənzilin istilik problemi ilə bağlı bildiririk ki, bu məsələ heç də sosial şəbəkə səhifəsində reytinq naminə, məlumatı araşdırmadan şəhid anasına qarşı biganə münasibət başlığı ilə təqdim etdiyi formada deyil, texniki nasazlıqdan qaynaqlanır.

Belə ki, müəssisənin qazanxanasında istilik verilməsini təmin edən bir neçə ehtiyat hissəsinin eyni anda sıradan çıxması sözügedən binanın bəzi mərtəbələrinin istilik təminatında müvəqqəti fasiləyə səbəb olub. Video yayılmazdan öncə qəzanın aradan qaldırılması üçün əraziyə dərhal mütəxəssislər cəlb olunub və mövcud problemin həlli ilə əlaqədar işlər görülüb”. 

“Əlavə olaraq bildiririk ki, şəhidimizin anası Aygün xanım bu gün ziyarət edilib. Aygün xanım hər hansı pul və ya maddi yardıma ehtiyacının olmadığını bildirib. Əsas ehtiyacı fiziki yardımadır. İflic olduğu üçün danışığında və hərəkətlərində çətinlik çəkir.

Həmçinin astma xəstəsidir. Evinin səliqə və təmizliyə baxılmasında, gündəlik yeməyinin bişirilməsində köməyə ehtiyacı var. Bu səbəbdən xidmətçinin göndərilməsini xahiş edir. Onun bu istəyi nəzərə alınıb və sənədləşmə məsələləri həll edilərək qısa müddətdə Abşeron DOST Mərkəzi tərəfindən Aygün Salahovaya sosial xidmətçi təyin ediləcək”, - deyə qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top