Nömrəsiz maşın sürənlərə DYP-dən XƏBƏRDARLIQ


Avtomobilin dövlət nömrə nişanını çıxarmaqla yanaşı sayrışan işıqlardan istifadə etməklə nəqliyyat vasitəsinin idarə edilməsi digər hərəkət iştirakçılarının narazılığına səbəb olub.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə yayımlanıb. Belə ki, NAZ “Lifan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin dövlət nömrə nişanını çıxarıb.

Sürücünün bu davranışı isə digər hərəkət iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev oxu.az-a açıqlamasında bildirib ki, zaman-zaman bəzi sürücülərin nəqliyyat vasitəsinin dövlət nömrə nişanını çıxararaq hərəkət etdiklərinin şahidi oluruq:

“Ayrı-ayrı şəxslərin idarə etdikləri nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanını çıxararaq, yol hərəkətində iştirak etməsi qanunla yolverilməzdir. Bu kimi əməllərə yol verənlərin əsas məqsədi yol hərəkəti qaydalarını pozduqları zaman, yollarda olan xüsusi texniki vasitələrdən yayınmaqdır. Bu da öz növbəsində qayda pozuntusu və digər hərəkət iştirakçılarının hüquqlarının pozulması deməkdir.

Bununla yanaşı qanunlara qarşı ciddi hörmətsizlikdir. Digər tərəfdən isə bəzən dövlət tərəfindən imtiyazlı şəxslərə verilmiş nəqliyyat vasitələrinə qanunla qadağan olunmuş örtüklər çəkilmiş, dövlət qeydiyyat nişanı çıxarılmış vəziyyətdə, eləcə də sayrışan işıq cihazlarından istifadə edilməsi hallarına rast gəlinir. Bu da öz növbəsində cəmiyyətdə birmənalı qarşılanmır. Haqlı olaraq digər hərəkət iştirakçılarının narazılıqlarına və yersiz mübahisələrə səbəb olur. Odur ki, hər bir sürücü qayda pozuntusunun mahiyyətini düzgün başa düşməli, nəqliyyat vasitəsini qanunların tələbinə riayət etməklə idarə etməli, qanunlara və digər hərəkət iştirakçılarına hörmətlə yanaşmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top