Deputat un və çörəyin bahalaşmasını neftin qiymətinin qalxması ilə əlaqələndirdi


Xəbər verdiyimiz kimi, iri un və çörək istehsalçıları Azərbaycanda un və çörəyin bahalaşması ilə bağlı müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, müraciətdə bildirilib ki, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.
Ölkədə çörək və unun qiymətindəki dəyişikliklərlə bağlı Milli Məclisinin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov Yeniavaz.com-a münasibət bildirib. Elman Nəsirov bildirib ki, qiymət artımı xaricdən idxalla bağlıdır:
“Unun və un məhsullarının qiymətində müəyyən artma prosesi baş verib. Bu sahənin mütəxəssisləri bildiriblər ki, buna səbəb dünya bazarında qiymətlərin artmasıdır. Bircə faktı deyim ki, neftin qiyməti artıq 80 dollara yaxınlaşıb. Neftin qiymətinin qalxması nəticə etibarilə, bütün sferalarda qiymətlərin qalxması üçün şərait yaradır. Azərbaycan buğdaya olan tələbatın təxminən 60 faizini özü ödüyür. Qalanını isə xarici bazarlardan alır. Xarici bazarlarda qiymətin qalxması, Azərbaycanda da eyni prosesi şərtləndirir. Buna baxmayaraq, ölkədə müxtəlif sosial islahatlar keçirilir. Gömrük və vergidən əldə edilən bütün vəsaitlər buna sərf edilir. Lakin elə proseslər var ki, bizdən asılı deyil. Tutaq ki, biz o məhsulların hər birini özümüz istehsal etmək gücündə olsaydıq, bu halda qiymət artımının qarşısını almaq daha rahat olardı. Təəssüf ki, bu məsələlərdə xarici bazarlardan asılılıq var. Amma bilinsin ki, süni qiymət artımına imkan verilməyəcək”.
Həmçinin, sosial şəbəkələrdə Elman Nəsirovun Azərbaycanda un məhsullarının qiymətinin qalxmasının xalqın sağlamlığı üçün olduğu deməsi ilə bağlı iddialar yayılıb.
Elman Nəsirov bildirib ki, belə dezinformasiya yayanlar sosial şəbəkələrə olan inamı itirir, onun nə qədər vecsiz bir yer olduğuna gətirib çıxarır:
“Bu gün sosial şəbəkələrdə həddindən artıq dezinformasiya yaymaqla məşğuldurlar. İnsanların işgüzar nüfuzuna xələl gətirən addımlara yol verilir. Mənim haqqımda da yazıblar ki, guya mən belə bir söz demişəm. Məqsəd odur ki, qiymət artımı fonunda dövlət xadimlərini, deputatları mənim şəxsimdə hədəfə alsınlar, insanları qızışdırsınlar, onların əsəbləri ilə oynasınlar”.
Deputat onu da qeyd edib ki, bu xəbəri yayan tərəfi məhkəməyə versə, qanuni baxımdan onun hüquqi cəzalandırılmasına nail olacaq:
“Çünki mən belə bir şey deməmişəm. Mən dezinformasiya, yalan yayan, böhtan atan şəxsləri məhkəməyə versəm, həbs olunacaqlar. Onda da deyəcəklər ki, Azərbaycanda bu qədər siyasi məhbus var. Azərbaycanda siyasi məhbus yoxdur. Ölkədə siyasi məhbusun yaranması texnologiyası belədir. Dövlətçilik əleyhinə böhtan, şər at, adamları şərlə, nəticədə sənə hüquqi müstəvidə qiymət veriləndə de ki, mən siyasi məhbusam. Reallıq budur. Biz dözürük, hətta onları məhkəməyə belə vermirik”.
Deputat adının tez-tez sensasiyalı çıxışlarda çəkilməsi məsələsinə də münasibət bildirib:
“Burda bir mexanizm də var. Niyə mənim adımı yazırlar? Bilirlər ki, cəmiyyət bu insanı tanıyır, bu YAP-ın fəalıdır, YAP-da söz deyənlərdən biridir. Və belə fəalları, YAP-ın danışan dillərini, mövqe bildirən şəxslərini guya xalqın gözündən salaq. Məqsəd budur”.

DİGƏR XƏBƏRLƏR

Top