Zəngilanda işləyən fəhlələrin maaşları verilmir? - AÇIQLAMA

Zəngilanın Ağalı kəndində inşa olunan “Ağıllı kənd”in tikintisində çalışan fəhlələrin maaşlarının ödənilməməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, tikintini aparan podraçı şirkətdən məsələ ilə bağlı açıqlama verilib.

Şirkətin açıqlamasında qeyd olunub ki, yayılan xəbərlərin heç bir əsası yoxdur:

“Anlaşılmazlıq işçilərə maaşların köçürülmə üsulu ilə bağlı yaranıb. Şirkətlə tikinti prosesinə cəlb olunmuş işçilər arasında maaş və digər ödəmələrin kart hesablarına köçürüləcəyi barədə razılaşma olsa da, sonradan fəhlələr vəsaitin nağd ödənilməsini istəyiblər. 

Şirkət işçilərə ödəmələrin maliyyə intizamı prosedurlarına uyğun həyata keçirilməli olduğunu desə də, son nəticədə tikinti aparılan ərazinin daimi yaşayış məntəqələrindən uzaq olması, indiki məqamda tikinti aparılan ərazidə bankomatların mövcud olmaması kimi obyektiv amillər nəzərə alınıb və maaşların nağd şəkildə ödənilməsinə qərar verilib”. 

Qeyd olunub ki, razılaşmadan sonra işçilərin bütün ödəmələri nağd şəkildə həyata keçirilib və 30 dekabr tarixinə  “Ağıllı kənd”in inşasına cəlb olunmuş işçilər qarşısında heç bir ödəmə öhdəliyi yoxdur:

“Sosial şəbəkələrdə bununla bağlı yayılan məlumatlarların reallıqla əlaqəsi yoxdur və əsassızdır. Hazırda bayramla əlaqədar işçilər evlərinə göndərilib və tətil başa çatdıqdan sonra iş yerlərinə qayıdaraq öz vəzifə səlahiyyətlərinin icrasına davam edəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top