Alimlərə ərzaq yardımı verilməsi məsələsi ilə bağlı AÇIQLAMA

AMEA-nın Fizika İnstitutunun alimlərinə Yeni il münasibətilə ərzaq yardımının edilməsi ötən gündən sosial şəbəkələrdə müzakirə olunur. Sosial şəbəkə istifadəçiləri İnstitutun Həmkarlar İttifaqı tərəfindən paylanan ərzaq bağlamalarının  verilməsini alimlərə hörmətsizlik kimi qiymətləndiriblər.  

Sosial şəbəkə paylaşımlarında qeyd olunub ki, bu, alimlərin sosial vəziyyətinin aşağı olmasının göstəricisidir və utancverici davranışdır. 

Məsələ ilə bağlı AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektorunun müdiri Leyli Namiqqızı bildirib ki, sözügedən maddi yardım alimlərə deyil, texniki işçilərə edilib. “Həmin yardımı alanlar alimlər deyil, institutun texniki işçiləridir. Onların arasında şəhid ailələri üzvləri, müharibə iştirakçıları var. Onların məvacibləri az olduğundan fürsətdən istifadə edib belə günlərdə onlara müəyyən ərzaq yardımları edilir”.

AMEA rəsmisi həmçinin qeyd edib ki, bu yardımın Akademiyaya aidiyyəti yoxdur, ərzağı Həmkarlar İttifaqı paylayıb. 
Qeyd edək ki, ötən gün AMEA-nın mətbuat xidməti Fizika İnstitutunun əməkdaşlarına Həmkarlar İttifaqı Komitəsi tərəfindən yardım paylanması ilə bağlı məlumat yaymışdı. Məlumatda həmçinin qeyd olunurdu ki, ərzaq paylanan AMEA əməkdaşları ilə maarifləndirici söhbətlər aparıb, onları vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıblar. //qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top