Cərimə meydançasına salınan “Lamborghini” barədə açıqlama - VİDEO + YENİLƏNİB


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda iş adamına məxsus “Lamborghini” markalı avtomobilin cərimə meydançasına aparılması ilə bağlı hadisəyə münasibət bildirib. 
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, nəqliyyat vasitələrinin səsboğucu sistemindən xaric edilən səs limitinin şəhər mühitində normativi kimi qəbul edilən desibeldən (Db) artıq olması yolverilməzdir: 
“Yol Hərəkəti Təhlükəsizliyinə dair konvensiyada göstərilən mövcud standartlara görə, avtomobilin ətraf mühitə verdiyi səsin 75 desibelden artıq olması yolverilməzdir. Qeyd olunan “Lamborghini” avtomobili bir sıra digər nəqliyyat vasitələri kimi sport rejimi olan avtomobillər siyahısındadır. Bildirmək istəyirik ki, bu cür avtomobillər ümumi istifadədə olan yollarda digər avtomobillər kimi normal idarə oluna bilirlər. Onları sport rejiminə keçirərək, motor səsinin yüksəldilməsi sürücünün şəxsi iradəsindən asılıdır. Hər bir nəqliyyat vasitəsi şəhər mühitində və ümumi istifadədə olan yollarda mövcud qaydalara uyğun şəkildə hərəkət etməlidir. 
Burada söhbət hər hansı konstruksiya dəyişikliyindən getmir. Misal olaraq, müasir avtomobillərin 240-260 km/saatla hərəkət etmək imkanları var. Belə çıxır ki, hər kəs nəqliyyat vasitəsini bu sürətlə idarəetməlidir? Məntiq, eyni məntiqdir. Əgər kimsə bu cür avtomobillərin sport rejimindən istifadə etmək istəyirsə, bu yalnız idman yarışlarında, xüsusi treklərdə, yəni nəqliyyata tam qapalı ərazilərdə, xüsusi təhlükəsizlik qaydaları gözlənilməklə mümkündür. Heç kim insanların yaşadığı əraziləri idman trekləri ilə səhv salmamalıdır”.

***13:48

Bakıda iş adamı, “SAS” İnşaat MTK-nın rəhbəri Süleyman Əliyevə məxsus “Lamborghini” markalı avtomobilin cərimə meydançasına aparıldığına aid videogörüntülər yayılıb.

Yeniavaz.com xəbər verir ki, S.Əliyevin lüks avtomobilinin səsboğucu sisteminə kınar müdaxilə olması əsası ilə saxlanıldığı bildirilir.
İş adamı Süleyman Əliyev Oxu.az-a açıqlamasında qeyd edib ki, onun “Lamborghini”si tez-tez bu problemə görə yol polisi tərəfindən saxlanılır: “Bu məsələ ilə bağlı DYP əməkdaşları ilə heç cür ortaq məxrəcə gələ bilmirik. Avtomobilə mütəxəssislər baxış keçirəndən sonra məlum olur ki, heç bir müdaxilə yoxdur. Bu avtomobillərə ümumiyyətlə istəsəniz də müdaxilə edə bilməzsiniz. Bu maşınları fərqləndirən cəhətlərdən biri də məhz özünəməxsus səsboğucu sistemləridir. Avtomobil nə üçün günlərlə cərimə meydançasında qalmalıdır? Bu məsələnin köklü bir həlli yolu olmalıdır. Bu problemlə qarşılaşan tək mən deyiləm, bir neçə belə avtomobil sahibləri var ki, əsassız yerə yoruluruq”.

 





DİGƏR XƏBƏRLƏR

Top