UAR Həmrəylik Günü münasibətilə futbol turniri keçirib - FOTOLAR


Ukrayna Azərbaycanlıları Radası və Ze!Molodyojkanın birgə təşkilatçılığı ilə Ukraynada yaşayan azsaylı xalqların nümayəndələrinin iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş mini-futbol turniri keçirilib.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan və Ukrayna himnlərinin səsləndirilməsi ilə başlayan turnirdə Ukrayna, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Ərəb nümayəndələri REJO İdman Kompleksində yarışıblar.
Turnirin qalibi isə Özbəkistanı 8-1, Qırğızıstanı 10-2 hesabı ilə məğlub edərək finala yüksələn azərbaycanlı gənclər olublar. Təmsilçilərimizin finaldakı rəqibi Ukraynadakı Türkiyə səfirliyinin diplomatlarından ibarət olan Türkiyə komandasını 9-0 və Ze!Molodyojka komandasını 6-4 hesabı ilə məğlub edən ərəblərin “Dostluq” komandası olub. Maraqlı və çətin mübarizədə azərbaycanlı gənclər ərəb rəqiblərini 7-0 hesabı ilə məğlub edərək kubokun sahibi olublar.
Bundan əlavə, turnirin bombardiri, azərbaycanlı gənclərin hücumçusu Orxan İbadov tamaşaçıların və hakimlərin ortaq qərarı ilə ‘Ən yaxşı futbolçu’ nominasiyasının qalibi olub.
Turnirdən sonra çempion komandamıza kuboku və medalları təqdim edən sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, bədən tərbiyəsi və idmanın əməkdar işçisi, veteranlar arasında sərbəst güləş üzrə dünya və Avropa çempionu, “Bakinets” klubunun prezidenti və UAR-nın həmtəsisçisi Oleq Krapivin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamını təbrik edib. Gənclərə xüsusi ilə də idmançılara hər zaman dəstək olduqlarını bildirən UAR həmtəsisçisi iştirakçılara uğurlar arzulayıb.
Turnirin ikincisi olan ərəblərin “Dostluq” komandasına medallarını təqdim edən hüquq elmləri doktoru, Ukrayna Azərbaycanlıları Radasının digər həmtəsisçisi Hikmət Cavadov idmanın birləşdirici rolundan danışıb. Cavadov qeyd edib ki, "Fair Play" qaydalarına uyğun keçirilən belə yarışlar Ukraynada yaşayan azsaylı xalqları bir-birinə daha da yaxınlaşdırır, dostluqlarını möhkəmləndirir.
Ze!Molodyojka oyunçularını bürünc medallarla təltif edən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov dövlətimizin, ümumilikdə diasporumuzun gənclərə və idmana olan diqqəyini vurğulayıb. O, həmçinin diasporlararası əlaqələrin inkişafında belə turnirlərin davamlı keçirilməsinin vacibliyini də qeyd edib.
‘Ən yaxşı futbolçu’ nominasiyasının qalibi Orxan İbadovu təbrik edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov UAR həmsədrləri Oleq Krapivin və Hikmət Cavadova turnir iştirakçıları adından təşəkkür edib. Bundan əlavə, baş katib təşkilati dəstəyə görə Ze!Molodyojka rəhbəri Ukrayna Ali radasının deputatı Aleksandr Sançenkoya, beynəlxalq əlaqələr departamentinin rəhbəri Alina Poddubnaya və UAR aparat rəhbəri Elşad İbrahimova xüsusi təşəkkürünü də bildirib.
Sonda isə turnirdə qardaşlığın, dostluğun və həmrəyliyin qalib gəldiyini bildirən Məmmədov yüksək səviyyədə iştiraklarına görə Türkiyə səfirliyin komandasını və kapitanı Evren bəyi, Özbəkistan komandasını və kapitanı Fərhad Abdullayevi, ‘Dostluq’ komandasını və kapitanı şeyx İmadı, Ze!Molodyojka komandası və kapitanı Vaqif Nağiyevi, Qırğızıstan komandasını və kapitanı Mirlan bəyi və çempion Azərbaycan komandasını və kapitanı Yaşar Məmmədovu təbrik edərək uğurlar arzulayıb.

Qeyd edək ki, turnirin göstəriciləri aşağıdakı nəticələrlə başa çatıb:

Türkiyə - Dostluq 0-9
Ze!Molodyojka - Dostluq 4-6
Ze!Molodyojka - Türkiyə 6-1

Azərbaycan - Özbəkistan 8-1
Özbəkistan - Qırğızıstan 8-6
Azərbaycan- Qırğızıstan 10-2

Ze!Molodyojka - Özbəkistan 2-1
Türkiyə - Qırğızıstan 1-5
Azərbaycan - Dostluq 7-0

1. Azərbaycan
2. Dostluq
3. Ze!Molodyojka
4. Özbəkistan
5. Qırğızıstan
6. Türkiyə







 

DİGƏR XƏBƏRLƏR

Top