Sayt rəhbərinin vəsatəti təmin edilmədi


Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Kənan Kərimov ifadə verib.
O bildirib ki, Mahir Ələkbərov ondan Ramiz Göyüşovun mobil telefon nömrəsini alıb. Şahid deyib ki, başqa heç nədən məlumatı olmayıb.

Vəkil Araz Nurməmmədov müdafiə etdiyi Mahir Ələkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsi barədə vəsatət verib.

Hakim vəsatəti təmin etməyib.

Daha sonra vəkil Mahir Ələkbərovun xəstə olması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsindən alınmış sənədi, həmçinin onun atası Məmmədhəsən Səməd oğlu Əkbərovun Əfqanıstan müharibəsinin və 1-ci Qarabağ müharibəsinin iştirakçısı olması barədə sənədləri məhkəməyə təqdim edib.

Hakim verilən sənədləri cinayət işinə əlavə edib.

Vəkil Araz Nurməmmədov bildirib ki, işdə olan disklərə baxılması və tədqiq edilməsi vacibdir.

Hakim həmin disklərə növbəti iclasda baxılması barədə qərar qəbul edib.

Proses yanvarın 7-də davam etdiriləcək.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top