Mingəçevirdə narkomaniya ilə bağlı növbəti tədbir keçirilib - FOTOLAR


Mingəçevir Şəhər 11 saylı orta məktəbdə narkomaniya və onun fəsadları, yol hərəkətinin təhlükəsizliyi və digər zərərli vərdişlərə qarşı  maarifləndirici tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə ilk olaraq məktəbin direktoru Sevil Əlişova çıxış edərək məktəb haqqında qısa məlumat verib. Daha sonra RPŞ rəisi, polis polkovniki Ədalət Əliyev qeyd edib ki, narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlərimiz davam etdirilir:
“Bu tip tədbirlərin keçirilməsində məqsədimiz yeniyetmələri, gəncləri əsrin bəlasına çevrilən bu bəladan qorumaq və narkomaniyanın şagirdlər arasında yayılmasının qarşısının alınması məqsədilə orta məktəblərdə maarifləndirmə işini gücləndirməkdir. Mən çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satılır. Gözəllik salonlarında bu hal müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər və aslılıq yaratmağa çalışırlar. Əməkdaşlarımız tərəfindən onların bəziləri zərərsizləşdirilib, cinayət məsuliyyətinə cəlb olunublar. Narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar. Bir faktı da qeyd edim ki, bu kimi maarifləndirici tədbirlərin nəticəsində bu yaxınlarda külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısının alınmasına nail olmuşuq”.
  Bundan əlavə, tədbir çərçivəsində yol hərəkəti qaydalarının gənclər arasında təbliğ olunması, antinarkotik təbliğatının gücləndirilməsi və digər zərərli vərdişlərə qarşı şöbənin digər əməkdaşları çıxışlar edərək şagirdləri maarifləndiriblər.
Tədbirdə çıxış edən şəhər təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev bu gün Azərbaycanda gənclərin müstəqillik dövründə yaşadığını bildirib:
“Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Sizlər də bu gənclərin davamçıları olun. Pis vərdişlərdən uzaq olun, asudə vaxtlarınızı şəhərimizdə yaradılan idman komplekslərində, su idman növlərində keçirin və digər maraqlı vərdişlərə yiyələnin”.
Polis əməkdaşlarının çıxışları bitdikdən sonra məktəbin direktoru polis əməkdaşlarına zərərli vərdişlər və narkomaniya haqqında verilən məlumatların şagirdlərin ümumi təlim-tərbiyə işinə müsbət təsir etdiyini və buna görə də DİN rəhbərliyinə təşəkkür etdiyini bildirib.
Tədbirin sonunda isə şagirdlərin narkomaniya ilə bağlı hazırladıqları kiçik səhnə nümayiş olunub.




Esmira Hidayətova, Mingəçevir

 

DİGƏR XƏBƏRLƏR

Top