Prezidentin ünvanına təbrik məktubları gəlir - YENİLƏNİR


Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yeniavaz.com xəbər verir ki, təbrik məktubunun mətnində deyilir:

"Əziz İlham Heydər oğlu,
Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin 60 yaşınız hələ cavanlıqdır. Mən bunu asanlıqla isbat edə bilərəm. Hamıya məlumdur ki, bu yaxınlarda 30 illiyini qeyd etmiş müstəqil Azərbaycan gənc dövlətdir. Deməli, əgər 30 yaş cavanlıqdırsa, onda 60 yaş ikiqat cavanlıqdır.
Bu zarafatda həqiqət çoxdur. Ona görə ki, Siz həqiqətən gəncsiniz. Gördüyünüz hər işdə cəsarət və enerji buna sübutdur.
Əziz dostum, mənim ikiqat gənc dostum, Sizə tükənməz enerji arzu edirəm. Bu enerji Sizə atanızın layiqli oğlu kimi onun başladığı işləri sona çatdırmaq və xalqının sədaqətli oğlu kimi bu xalqın böyük gələcəyini qurmaqda davam etmək üçün lazımdır".

***
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill:
"Zati-aliləri,
Möhtərəm İlham Heydər oğlu,
Şəxsi həyatınızda əlamətdar gün – 60 illik yubileyiniz münasibətilə təbriklərimi qəbul edin.
Siz Azərbaycan Prezidenti vəzifəsində illər boyu səylə çalışaraq Qafqaz regionunda ictimai həmrəyliyin möhkəmlənməsinə sanballı töhfə verirsiniz. Sevindirici haldır ki, topladığınız qiymətli təcrübə respublikanızın xalqları üçün layiqli həyat şəraiti yaradılmasına və onların ahəngdar yaşayışına kömək edən mühüm strateji qərarlar qəbul etməyinizə imkan verir.
Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası ilə xoş qarşılıqlı münasibətə, həmçinin Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin Qarabağda sülhün bərqərar olmasına yönəlmiş birgə səylərinə göstərdiyiniz diqqətə görə Sizə minnətdaram.
Sizə möhkəm cansağlığı, firavanlıq və ali vəzifənizdə Tanrının bundan sonra da yardımçı olmasını arzu edirəm".

***
Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Rusiya Federasiyası İctimai Palatasının üzvü Albir həzrət Krqanov:

"Hörmətli İlham Heydər oğlu,
İcazə verin, Rusiya Müsəlmanlarının Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizi həyatınızda əlamətdar hadisə - 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edim.
Yubiley sadəcə bayram deyil. Bu, keçilmiş həyat yolu barədə düşünmək, gələcək üçün planlar qurmaq, hələ fəth edilməyən yeni zirvələrə gedən yolları müəyyənləşdirmək üçün bir fürsətdir. Siz xeyirxahlıq, ədalət, quruculuq və qəbul edilən qərarların müdrikliyi prinsiplərini rəhbər tutaraq uzun illər boyu Azərbaycan Respublikasının və bütün Azərbaycan xalqının rifahı naminə yorulmadan çalışırsınız.
Sizin ən yüksək peşəkarlığa, zəngin həyat təcrübəsinə və insanlara həssas münasibətə əsaslanan çoxşaxəli fəaliyyətiniz həmişə qarşıya qoyulmuş vəzifələrin uğurla reallaşmasına gətirib çıxarıb. Sizin müdrik rəhbərliyiniz dövründə Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək barədə çoxdankı arzusu həyata keçib. Bunun sayəsində Azərbaycan Respublikası özünün siyasi, iqtisadi və mədəni inkişafında yeni qələbələrə doğru inamla irəliləyir.
Fərəhlə qeyd etməliyəm ki, qardaş ölkələrimiz arasında dialoq ən yüksək səviyyədədir. Bu, ənənəvi İslamın qorunub saxlanması və inkişafı üçün təməldir. Rusiya Müsəlmanlarının Ruhani Məclisi və Qafqaz Müsəlmanları İdarəsi dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsi, sülh, təhlükəsizlik və sabitlik ideyalarının geniş yayılması sahəsində illər boyu sıx əməkdaşlıq edir. Biz ölkələrimizin müsəlmanları arasında dostluq münasibətlərini ürəkdən qiymətləndiririk.
Hörmətli İlham Heydər oğlu, bu təntənəli gündə Sizin ən sevindirici hisslərinizə şərik çıxaraq Sizə səmimi qəlbdən dua edir, möhkəm cansağlığı, uzun və səmərəli ömür, enerji, tərəqqi, bütün planlarınızın gerçəkləşməsini, ruh yüksəkliyi və gözəl əhval-ruhiyyə arzu edirik.
Ulu Tanrı Sizi və ailənizi qorusun, xoşbəxtlik bəxş etsin, xeyirxah əməllərinizin əvəzini versin".

***
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının İdarə Heyətinin sədri Ədalət Turan:
"Cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən 22 Azərbaycan dərnəyini özündə birləşdirən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Siz Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutması üçün ulu öndər Heydər Əliyev tərəfindən başlanılmış böyük bir tarixi missiyanı müvəffəqiyyətlə davam etdirirsiniz. Bu çətin və şərəfli yolda Sizə uğurlar diləyirik.
Otuz il işğal altında qalmış torpaqlarımız Sizin dəmir iradəniz və hərbi-siyasi uzaqgörənliyiniz sayəsində azad edildi. Siz illər ərzində qəlbimizdə sağalmaz yara kimi gəzdirdiyimiz yurd nisgilinə son qoydunuz. Buna görə hər bir azərbaycanlı Sizə sonsuz minnətdardır.
Türkiyədə yaşayan azərbaycanlılar adından bəyan etmək istəyirik ki, diasporun bir parçası olaraq doğma Vətənimizi burada layiqincə təmsil etmək, qardaş respublikanın ictimai-siyasi həyatına dərindən inteqrasiya etmək, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə vermək üçün bütün qüvvəmizlə çalışacağıq.
Cənab Prezident, Sizi bir daha təbrik edir, cansağlığı, xoşbəxtlik arzulayırıq. Tanrı Sizi hifz etsin!"

***
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin:
"Çox hörmətli İlham Heydər oğlu,
Sizə ən yüksək ehtiramımı və yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu təntənəli və şad gününüzdə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uğurlar, tükənməz enerji, çoxşaxəli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.
Siz haqlı olaraq dünyamiqyaslı nüfuzlu siyasi xadimlərdən biri hesab edilirsiniz. Azərbaycan Respublikasının Prezidenti vəzifəsində uğurlu fəaliyyətiniz bunu təsdiq edir. İqtisadi baxımdan firavanlaşan dövlətin təşəkkülünə və xalqın rifahının yüksəldilməsinə yönəlmiş əməyiniz Sizə təkcə doğma ölkənizdə deyil, onun hüdudlarından kənarda da layiqli hörmət qazandırıb.
Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında ən müxtəlif fəaliyyət sahələrində dostluq əlaqələrinin inkişafına Sizin şəxsi töhfənizi qiymətləndirmək çətindir. Bizim qarşılıqlı faydalı ticari-iqtisadi və mədəni əməkdaşlığımız uzun illər boyu inkişaf edir və möhkəmlənir.
Fürsətdən istifadə edib Həştərxan vilayətinə göstərdiyiniz diqqətə, birgə layihələri fəal dəstəklədiyinizə, səmərəli qarşılıqlı inteqrasiya fəaliyyəti üçün ürəkdən çalışdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.
İcazə verin, Sizi bir daha təbrik edim və firavanlıq, tərəqqi, Azərbaycanın rifahı naminə nəzərdə tutduğunuz bütün planların və təşəbbüslərin həyata keçməsini diləyim".

***
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov:
"Hörmətli İlham Heydər oğlu.
Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Azərbaycan Respublikasının Lideri kimi Sizin çoxillik səmərəli fəaliyyətiniz haqlı olaraq nüfuz və hörmət qazanıb. Müasir Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi inkişafında, dünya arenasında nüfuzunun möhkəmlənməsində qazanılmış bütün möhtəşəm nailiyyətlər Sizin adınızla sıx bağlıdır.
Sizin atanız Heydər Əlirza oğlu Əliyevin yürütdüyü siyasət sayəsində dövlətinizin gələcək inkişafı üçün möhkəm təməl yaradılıb. Sizin rəhbərliyinizlə ölkəniz beynəlxalq münasibətlər sistemində layiqli yer tutur.
Dağıstanda Azərbaycan Respublikası ilə tarixən yaranmış çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirirlər.
Bizim böyük şair Rəsul Həmzətovun yazdığı kimi:
Bakı, Bakı, baş əyirəm qarşında,
Qardaş kimi əllərini sıxıram,
Xəzərin dalğalı pıçıltısında,
Dostluq nəğməsini mən dinləyirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq diləyir, Yeni ildə ən xoş arzularımı çatdırıram".

***

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti, "Rusiya-İslam dünyası" Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanov:
"Hörmətli İlham Heydər oğlu,
Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Ali dövləti vəzifədə çoxillik fəaliyyətiniz, əldə etdiyiniz genişmiqyaslı iqtisadi nəticələr və strateji siyasi nailiyyətlər Sizə həm doğma ölkənizdə, həm də beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Bu gün müşahidə olunan ümumi qeyri-sabitlik fonunda Azərbaycanın müəyyən etdiyiniz uzunmüddətli hərtərəfli inkişaf xətti ilə inamla irəliləməsi və sabitlik nümayiş etdirməsi şəksiz olaraq Sizin xidmətinizin və qurucu fəaliyyətinizin sanballı nəticəsidir.
Qoy doğma ölkənizə səmimi sevginiz və dərin sədaqətiniz bundan sonra da Sizin fəaliyyətinizin hərəkətverici qüvvəsi və Azərbaycan Respublikasının rifahı naminə nəzərdə tutduğunuz bütün planlarınızın həyata keçirilməsinin rəhni olsun! Sizə səmimi qəlbdən hər bir işinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür və tükənməz enerji arzu edirəm.
Ümidvaram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının mənafeyi və ümumi sülh naminə qardaş xalqlarımız arasında ticari-iqtisadi və humanitar əlaqələr daim genişlənəcək.
Sizə və yaxınlarınıza dərin hörmət hissi ilə xoşbəxtlik diləyirəm".
 

***
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko:
“Hörmətli İlham Heydər oğlu.
Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Uzun illərdir ki, mən Sizi istedadlı və mehriban insan, müdrik və uzaqgörən siyasi xadim, parlaq və səriştəli rəhbər kimi tanıyıram. Siz həyatınızı Vətənə fədakarcasına xidmətə həsr etmisiniz və bunun müqabilində ən yüksək mükafata – Azərbaycan xalqının səmimi sevgisinə və ehtiramına layiq görülmüsünüz. Siz milli həmrəyliyi və çoxəsrlik ənənələri qoruyub saxlamaqla ölkənizi tərəqqi və quruculuq yolu ilə inamla irəli aparırsınız, haqlı olaraq beynəlxalq arenada nüfuz və hörmət qazanmısınız.
Azərbaycanın inkişafına və firavanlığına görə üzərinizə çox böyük məsuliyyət düşür və Siz bu mürəkkəb missiyanı parlaq şəkildə yerinə yetirirsiniz. Zəngin təcrübəniz və öz işinizə sədaqət Sizin ən mürəkkəb məsələlərin öhdəsindən gəlməyinizə, milyonlarla həmvətəninizin taleyinin asılı olduğu düzgün qərarlar qəbul etməyinizə kömək edir.
Rusiya Federasiyasında Sizin Azərbaycan Respublikası və onun vətəndaşları qarşısında mühüm xidmətləriniz haqqında bilirlər. Strateji tərəfdaşlığın möhkəmlənməsinə qiymətli töhfəniz ölkələrimizin möhkəm dostluğunun rəhni olub.
Rusiya və Azərbaycanın topladığı əməkdaşlıq təcrübəsi parlament xətti üzrə sabit əlaqələri əhatə edir. Əminəm ki, Sizin dəstəyinizlə bu mühüm qarşılıqlı əlaqə kanalı bundan sonra da bütün ikitərəfli münasibətlərin, regional və beynəlxalq gündəlikdəki aktual məsələlərdə birgə səylərin koordinasiyasının səmərəli vasitəsi kimi qalacaq.
Sizinlə görüşlərimizi və söhbətlərimizi həmişə səmimiyyətlə xatırlayıram, aramızda yaranmış inam və etimadı çox yüksək qiymətləndirirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, nikbinlik, ən cəsarətli planlarınızın reallaşmasında uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Qoy Sizin liderlik keyfiyyətləriniz, tükənməz enerjiniz, xalqın Sizə inamı və dəstəyi gündən-günə firavanlaşan Azərbaycanın yeni nailiyyətlərinin möhkəm təməli olsun.
Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***
Çin Xalq Respublikasının Sədri Si Cinpin:

“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. Bu ilin iyun ayında telefon danışığımız zamanı biz ikitərəfəli əlaqələrin inkişafı və əsas istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm razılıqlar əldə etdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin, xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəlməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm”.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev:

“Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Ötən dövrdə Siz həqiqi lider, beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, öz ölkəsinin inkişafına və onun xalqının firavanlığına qiymətli töhfə vermiş dövlət xadimi kimi layiqincə tanınmısınız.

Bu gün Sizin rəhbərliyinizlə Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar və səmərəli quruculuq işləri həyata keçirilir.

Cari ilin noyabr ayında İstanbulda Türk Şurasının Zirvə toplantısında layiq görüldüyünüz “Türk Dünyasının Ali Ordeni” qardaş xalqlarımızın birliyinin təmin olunması və regionda sabitlik yaradılması üçün Sizin həyata keçirdiyiniz genişmiqyaslı fəaliyyətin etiraf edilməsinə parlaq sübutdur.

Biz çox məmnunuq ki, son illərdə siyasi, ticari-iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın ortaq tarixi, dini və mədəni kökləri əsasında, həmçinin qarşılıqlı etimad və hörmət ruhunda fəal inkişaf edir.

Yüksək və ali səviyyələrdə danışıqlar aparılması mütəmadi xarakter daşıyır, xüsusən bu ilin noyabr ayında keçirilmiş səmərəli dialoqlar və görüşlər, heç şübhəsiz, Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək, çoxşaxəli əməkdaşlığın miqyasının daha da genişlənməsinə şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib, Sizi həyatınızın bu unudulmaz günü münasibətilə bir daha təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, məsul dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və daha böyük tərəqqi arzulayıram”.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko:

“Hörmətli İlham Heydər oğlu,

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bir dəfə Siz çox düzgün qeyd etmisiniz: Əgər gələcək haqqında fikirləşməsən, bu günün məsələlərini həll etmək çox çətindir. Azərbaycan bu prinsipi əsas tutaraq sosial-iqtisadi inkişaf sahəsində sanballı uğurlar qazanmış, beynəlxalq miqyasda öz mənafelərini qətiyyətlə müdafiə edən güclü və nüfuzlu dövlətə çevrilmişdir.

Minsk ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam etməsini məmnuniyyətlə qeyd edirəm.

Əminəm ki, nəzərdə tutduğumuz irihəcmli infrastruktur layihələrinin reallaşması çoxplanlı əməkdaşlığın dərinləşməsi üçün möhkəm təməl olacaq.

Sizin dostluğunuzu, etimadınızı, dəstəyinizi, Belarusun mənafeyinə şəxsən diqqət yetirməyinizi çox yüksək qiymətləndirirəm. Görüşlərimizi səmimiyyətlə xatırlayır, qonaqpərvər Belarus torpağında Sizi tez-tez görməyə ümid edirəm.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə həyata keçirdiyiniz quruculuq işlərində yeni uğurlar arzulayıram”.

***

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov:

“Hörmətli İlham Heydər oğlu.

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Bu gün Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar, ölkənizin iqtisadi inkişafında mühüm nailiyyətlər, dünya arenasında onun nüfuzunun möhkəmlənməsi ayrılmaz surətdə Sizin adınızla bağlıdır.

Siz bütün varlığınızı doğma ölkənizin mənafelərinin qorunmasına, ümummilli hədəflərin və proqramların gerçəkləşməsinə həsr etmisiniz. Xalqa bu cür sədaqətli xidmət yüksək qiymətə layiqdir.

Ölkələrimiz arasında strateji və mehriban qonşuluq münasibətlərinin inkişafına, xalqlarımızın səmimi dostluğunun və qardaşlığının möhkəmlənməsinə Sizin şəxsi diqqətinizi və hərtərəfli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə firavanlığı, ölkənizin qardaş xalqına bundan sonra da sülh, tərəqqi və inkişaf arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top