Kadırov Türkiyəni Öcalanla hədələdi - SƏBƏB


Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov Rusiya Xarici İşlər Nazirliyinə müraciət edərək Türkiyə hakimiyyətinin hərəkətlərinə cavab verilməsini xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kadırov Telegram kanalında yazıb.
O bildirib ki, müraciətinə səbəb Türkiyənin Kocaeli vilayətində çeçen separatçılarının lideri, özünü Çeçenistan İçkeriya Respublikasının prezidenti elan etmiş Coxar Dudayevin adını daşıyan parkın açılması olub.
Kadırov həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Rusiya Federasiyası ilə şəffaf və dürüst münasibətlərin tərəfdarı olub-olmadığına qərar verməyə çağırıb.
Kadırov əlavə edib ki, bu halda Kürdüstan Fəhlə Partiyasının qurucusu, Türkiyə həbsxanalarından birində ömürlük həbs cəzası çəkən Abdullah Öcalanın adının Qroznıda əbədiləşdirilməsi məntiqi və siyasi baxımdan kifayət qədər “yaxşı qarşılıq” olardı.
Qeyd edək ki, bir neçə KİV-in məlumatına görə, dekabrın ortalarında Kocaelinin Körfəz rayonunda çeçen separatçılarının lideri, Çeçenistan İçkeriya Respublikasının prezidenti Coxar Dudayevin adını daşıyan parkın açılışı olub.

DİGƏR XƏBƏRLƏR

Top