“Qardaşımı bir yox, iki nəfər öldürüb, kameraya da düşüblər” - VİDEO

Sentyabrın 10-da Göyçayda bıçaqlanan 53 yaşlı Əli Əliyevin ölümündə ittiham edilən 16 yaşlı İlkin Vəliyev (şərti) saxlanılsa da, mərhumun bacısı Sevda Əliyeva istintaqın gedişatından narazıdır.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, S.Əliyeva İlkin Vəliyevin hadisəni törədərkən tək olmadığını, onun yanında tanışı 21 yaşlı Nihad Şamilovun da olduğunu iddia edib:

“Əlimizdə bunu sübut edən görüntülər də var. İlkin və Nihad qardaşımın yaşadığı Xəqani küçəsindən qaçaraq uzaqlaşırlar. Onlardan birinin əlində bıçaq da var. Bütün bunlar qonşunun evinin önündə olan kameraya düşüb”.

Sevda Əliyeva deyir ki, hadisə qardaşı Əli Əliyev və İlkin Vəliyev arasında olan pul məsələsinə görə olub:

“Qardaşım maşın alveri ilə məşğul olurdu, İlkin də onun yanında işləyirdi. İlkinin anasının qardaşıma 1500 manat borcu olub. Qardaşım onlara pulu qaytarması üçün sentyabrın 10-nun sonuncu gün olduğunu bildirib. Həmin gün gəlib çatanda İlkin öz tanışı ilə qardaşımın evinə gəlib. Əli tək yaşayırdı, birlikdə yeyib-içiblər.

Daha sonra qardaşıma ürək və qaraciyər nahiyəsindən 2 bıçaq zərbəsi vurulub. Amma məhkəmədə deyirlər ki, bir bıçaq zərbəsidir. Bıçaqlardan biri hadisə yerində tapılıb, digəri isə yox. Qardaşım Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, elə orda vəfat edib. İlkin Vəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Nihad Şamilov isə hələ də azadlıqdadır. O oğlanı niyə tutmurlar bilmirəm. İlkin də hadisəni tək törətdiyini deyib”.


Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Əli Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanılıb:

“Sentyabrın 10-u 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq qəsdən öldürülməsi faktı ilə bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılmış istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü İlkin Vəliyev (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İlkin Vəliyev (şərti) təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət prosesi iştirakçılarının irəli sürdüyü fərziyələrin yoxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top