“Son zamanlar məktəblərdə baş verən xoşagəlməz halların biri ilə bağlı direktor səhvini qəbul edib və öz istəyi ilə işdən çıxıb. Bu da təqdirəlayiq haldır”.
Yeniavaz.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev prezidentin dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.
Nazir bildirib ki, müəllim bilmədən oğlan şagirdini qız kimi təqdim edib:
“Müəllim saçı uzun olduğuna görə şagirdi qıza bənzədə bilər. İnanıram ki, bunu şagirdi alçatmaq üçün etməyib. Həmin müəllim illərin təhsil işçisidir və savadlı kadrdır. Səhvini etiraf etdi və töhmət də aldı. İzahatında da qeyd etmişdi ki, bilmədən saçının uzun olduğuna görə elə təqdim edibmiş. Həmin təhsil işçilərinə qarşı sərt cəza tədbirlərinin tətbiqi qəbul edilən deyil. Mən o müəllimi həbs elətdirə bilmərəm, işdən qova bilmərəm. Hər kəs səhv edə bilər. Əsas odur ki, səhvini qəbul edib üzr istəyə bilsin”.
Nazir bir həmkar kimi müəllimin yanında olduğunu da qeyd edib.