"Məni aldatdığı üçün onu cəzalandırmaq istədim" - Narkotikə görə törədilən qətl

Bakıda “Məşədi Dadaş” məscidinin qarşısında qətl törədən Məhəmməd Rəhimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Məhkəmədə qətlin narkotik vasitə satışına görə törədildiyi məlum olub. Ölən də öldürən də narkotikin qurbanlarıdır...

Yeniavaz.com musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 38 yaşlı Məhəmməd Rəhimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. 

Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan Məhəmməd Rəhimov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi bu ilin avqustunda günorta saatlarında "Məşədi Dadaş" məscidinin qarşısında baş verib. Məhəmməd Rəhimov 43 yaşlı Dadaş Həmzəyevi bıçaqlayaraq qətlə yetirib.

Daha əvvəl 8 il quldurluğa görə məhkumluq həyatı yaşayan və 2016-cı ildə azadlığa çıxan Məhəmməd Rəhimov tanışını narkotik vasitəyə görə vurub.

Belə ki, Məhəmməd Rəhimov hadisədən bir neçə gün əvvəl “Kubinka” adlanan əraziyə gedərək orada Dadaş Həmzəyevlə tanış olub və ona narkotik almaq üçün 21 manat pul verib. Lakin Həmzəyevin narkotik vasitəni gətirmədiyini görən Rəhimov aldadıldığını başa düşəndən sonra onunla görüşə gedib. “Məşədi Dadaş” məscidinin yaxınlığında Həmzəyevlə görüşən Rəhimov pulunu tələb edib. Pulunu ala bilmədiyi üçün onunla mübahisə edib və cibindən çıxardığı bıçaqla sol döş nahiyəsinə bir dəfə vuraraq ölümünə səbəb olub.

Rəhimov hadisə barədə ifadə verərkən deyib ki, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. Fəhləliklə məşğul olduğunu deyən Rəhimov bir gün narkotikə ehtiyacı olduğu üçün “Kubinka”ya gedib. Qazancını əsasən narkotikə xərcləyən Rəhimov orada bir tində dayanaraq narkotik satıcılarının gəlməsini gözləyib.

“Ağrılarım var idi. Buna görə də narkotik axtarırdım. Bir az gözləyəndən sonra Dadaş adlı şəxs mənə yaxınlaşdı. Nə lazım olduğunu soruşanda “kakos” istədim. Ona 13 manat verib gözlədim, amma gəlmədi. Mən də çıxıb getdim. 3-4 gün sonra yenidən “Kubinka”ya gəlib narkotik axtardım. Bu zaman Dadaşla rastlaşdıq. Dadaşdan məni niyə aldatdığını soruşdum. Dedi ki, polislər onu tutubmuş. Ona təcili narkotik lazım olduğunu, çox ağrıdığımı dedim. Cibimdə olan son 8 manatı ona verdim. Bu dəfə də getdi və qayıtmadı. Dostum Aydınla gündəlik iş axtarırdıq. Hadisə günü Dadaşla məscidin qabağında rastlaşdıq. Əvvəlcə pulumu verəcəyini desə də sonra qaytarmayacağını dedi. Məni aldatdığı üçün onu cəzalandırmaq istədim. Cibimdən bıçağı çıxaranda üstümə gəldi. Bir dəfə onun sinəsindən vurdum”,- deyə Məhəmməd Rəhimov ifadəsində göstərib.

Dadaş Həmzəyev bıçaq zərbəsi aldıqdan sonra onu xəstəxanaya çatdırıblar. Amma onun həyatını xilas etmək mümkün olmayıb. Məhəmməd isə taksi ilə oradan uzaqlaşıb.

Qətli törətdikdən sonra gündəlik fəhləlik işi axtaran Məhəmməd iş tapmayandan sonra qeyri-rəsmi münasibətdə olduğu qadının işlədiyi kafeyə gedərək axşama qədər orada oturub. Axşam saatlarında polis əməkdaşları kafeyə gələrək onu tutublar.

Məhkəmədə mərhumun qardaşı və şahidlərin ifadəsindən məlum olub ki, Dadaş 7 dəfə narkotik ittihamı ilə məhkumluq həyatı yaşayıb. Banka borcları olduğu üçün mənzilləri əllərindən alındıqdan sonra “Kubinka”da sökülən, uçurulan evlərdə yaşamağa başlayıb. Narkotik istifadəçi olan Dadaşın həm də narkotik satışı ilə məşğul olduğu bildirilib. 

Hadisə şahidlərindən biri bildirib ki, Dadaş bıçaq zərbəsi alandan sonra Məhəmmədə deyib ki, “Kubinka”ya gedək, sənin pulunu verəcəm. Məhəmməd də Dadaşın qoluna girərək onunla 100-150 metr irəliyə gedib. Dadaş hadisə vaxtı xəstəxanaya yox, “Kubinka”ya aparılmasını istəyib.

Cinayət hadisəsi baş verən zaman Dadaşın yanında Jalə adlı qız da olub. Onun Dadaşla yaxın münasibəti olub və 2 il “Kubinka”da söküntü olan ərazilərdə yaşayırmışlar. Jalə narkotik istifadəçisi olduğunu, evdəkilərdən ayrıldığını deyib.

Məhkəmədə dindirilən Jalə söyləyib ki, hadisədən sonra rayona gedib. Televizora baxan zaman Məhəmmədin həbs edildiyini görüb. Baş verənlərdən qorxduğunu deyən Jalə narkotik vasitədən xilas olmaq üçün ailəsindən yardım istəyib və onu Narkoloji Dispanserə yerləşdiriblər.

Jalə onu da deyib ki, Dadaşın bir bıçaq zərbəsindən öləcəyini düşünməyib. Buna görə də Dadaşı “Kubinka”ya apardıqdan sonra oradan uzaqlaşıblar. Bundan sonra Dadaşın hara getməsindən xəbəri olmayıb.

Qətli törədən Məhəmməd özünü qismən təqsirli bilsə də məhkəmə onun günahının sübuta yetirildiyi qənaətinə gəlib.

DİGƏR XƏBƏRLƏR

Top