“Uşaq deyiləm, götür-qoy edib razılıq vermişdim” - Qurban Qurbanovla müsahibə

Qurban Qurbanov – tarix yazaraq tarixə düşən adam. O, varkən mövsümün ilk yarısına, 2021-ə yekun vurmaq üçün başqa futbol adamı axtarmağa dəyməz.

Konfrans Liqasında tarixi uğurun memarıyla danışmağa çox mövzu var idi. Dövlət rəhbərliyi ilə görüş haqda təəssüratları maraqlıdı. “Futbolinfo.az ”“Qarabağ”ın baş məşqçisindən ümumi ölkə futbolu, Millətlər Liqasının püşkü barədə də düşüncələrini öyrənib.

Yeniavaz.com həmin müsahibəni təqdim edir:

– Seçim imkanı sizdə olsaydı, “Marsel”i rəqib seçərdiniz?

– Bəlkə də seçməzdim. Bu komandayla düşməyi arzulamırdım, amma düşübsə də, narazı deyiləm. Qarşılaşmağı ən az istədiyim komandalardan biri idi. Bizə rəqib düşməsini xüsusi arzuladığım komanda isə yox idi. Püşk kimi seçibsə, ona qarşı hazırlaşmalısan. Narazı deyiləm, ən yaxşı şəkildə hazırlaşacağıq, oynayacağıq.

– Meydan mübarizəsi üçün hazırlaşacaqsız, vaxt var. Bəs, kənar amilləri nəzərə alsaq, hər şeyə hazırsız? Təxribat təhlükəsi gözlənilir. Özü də Fransanın elə şəhəridi ki, Qarabağ adından qıcıqlananlar çoxdur.

– Ola bilər. Bu komandanın “Qalatasaray”la oyunlarını xatırlayırıq, matç bir neçə dəfə dayandı, təxribatlar oldu. Biz belə təxribatlara öyrəşmişik, amma UEFA-nın da hər şeyi nəzərə alacağını, tədbir görəcəyini gözləyirik. Hər nə olacaqsa, heç nədən çəkinmirik, qorxmuruq.

– Dekabrın 8-9-u sanki sizin üçün fərqli keçir. 3 il öncə milli komandadan ayrılmışdız, bu dəfə isə İsveçrədə haqqınızı yedilər.

– Təsadüfi tarixdir. Başqa günlərdə də çox haqsızlıq olub. Millidən gedişimə gəlincə…

– Niyə bu mövzudan danışmırsız?

– Yığma karyeram barədə geniş danışmaq istəmirəm. Geniş mövzudur, saatlarla danışmaq olar, amma lazım deyil.

– Nə vaxt danışacaqsız?

– Nəvaxtsa bu barədə film çəkiləndə (gülür).

– 50 illiyiniz yaxınlaşır, bəlkə yubileyiniz üçün bir sənədli film çəkək.

– Yox. Həyatımın, işimin bir hissəsidir. Məncə, millini qoyaq bir kənara, başqa suallara cavab verim.

– Cənab prezidentlə görüşü izlədik, amma yalnız mətbuata çıxan hissəsiylə tanışıq. Təəssüratlarınız necədir?

– Təəssüratlarımız çox yaxşıdır. Cənab prezidentin, dövlət qurumlarının hazırda başı çox qarışıqdır. Pandemiya bir yana, müharibədən sonra hələ də siyasi danışıqlar, mübarizə davam edir, dövlət başçısı ciddi şəkildə məşğuldur, ölkənin maraqları üçün durmadan çalışır. Belə sıx qrafikdə bizə vaxt ayırması həddindən artıq sevindiricidir. Cənab İlham Əliyev futbola, ümumən idmana lazımi qayğını göstərir, hətta kiçik uğurlarımızı da diqqətdən qaçırmır, dəyər verir. Bu qədər işin arasında “Qarabağ”ı qəbul etməyə imkan tapması həm sevindirdi, həm də məsuliyyətimizi artırdı. Özü də çıxışında qeyd etdi ki, digər klublarımızın da uğur qazanmasını istəyir və onlara da eyni dəyəri verəcək. Komandanı böyük sevinclə, həvəslə, səmimiyyətlə qəbul etdi, bunu canlı hiss etdik. Legionerlərimiz iki gündür öz aralarında, komanda daxilində bu barədə danışır. Onlar görüşdən, xüsusilə prezidentin komandaya qarşı edilən haqsızlıq barədə çıxışından, komandanın haqqını qorumasından məmnun qalıblar. Hamı gördü ki, cənab prezident futbolu həddindən artıq çox sevir, izləyir, uğurlarımızın çox olmasını istəyir. Biz də vicdanla çalışmalı, iş saatımızı artırmalı, etimadı doğrultmalı, daha çox işləyib nəticələri yaxşılaşdırmalıyıq.

– Cənab prezidentin çıxışından aydın oldu ki, bütün matçları izləyir, hətta xırda detalları da yadında saxlayır.

– Çox gözəl məqamları qeyd etdi. Bizi 2014-cü ilə qaytardı, həmin vaxt bizə edilən haqsızlığı yada saldı. “Bazel”lə oyunda səhv edən hakimin adını çəkməsi, ən xırda detalları qabartması hətta futbolçularımız üçün xoş sürpriz oldu. Onun belə diqqəti bizi daha məsuliyyətli olmağa məcbur edir.

– “Qarabağ” Premyer Liqada qış çempionluğunu təmin etdi və əsas rəqibini 11 xal qabaqlayır. Bu mövsüm sanki hirslisiz, ötən mövsüm qalib ola bilməmək sizə təsir edib və titulu qaytarmağa köklənmisiz.

– Hirsli olduğumu deməzdim. İnsan həmişə sağlam ola, komanda həmişə eyni səviyyədə oynaya bilməz. Hətta çox böyük imkanları olan komandalar da hardasa dayanır. Mən daim bunu gözləyirdim, özümə uğursuzluğumuzun nə vaxt olacağı barədə sual verirdim. Bunu düşünərək özümü həmin ana hazırlayırdım. Ötən mövsüm çox qəribə hallar baş verdi, elə oyunlar var idi ki, uduzmağa layiq olmadığımız oyunlarda uduzduq, maraqlı məğlubiyyətlər aldıq. Düzdü, son oyunun son dəqiqələrinə kimi liderliyimizi qoruya bilmişdik. Həmin matçda Mahir Emreli, Patrik Andrade məcburiyyətdən əvəzləndi, planlaşdırmadığımız epizodlar oldu və uduzduq. Ən çox qol vurduğumuz il, ən az qol buraxdığımız mövsümlərdən biri oldu, lakin çempion ola bilmədik. Deməli, gözlənilən uğursuz mövsüm məhz bu il imiş. Məğlubiyyətlər həmişə fayda verir. Nəticə çıxardıq, toparlandıq və yenidən mübarizənin içindəyik. Mövsümün ilk yarısı yaxşı keçdi, Konfrans Liqasında vacib nəticə qazandıq. Hirsli deyilik, məsuliyyətlə davamını gətirməliyik.

– Avrokuboklara həmişə Çempionlar Liqasında başlayırdız və bir məğlubiyyət şansınız olurdu ki, mübarizəni ən pis halda Avropa Liqasında davam etdirəsiz. Bu il fərqliydi, hər rəqiblə dueldə avrokuboklarla vidalaşmaq təhlükəsi var idi. Bu, narahatlıq yaradırdı?

– Narahatlıq həmişə olub, Konfrans Liqasında daha çox idi. Həm də futbol indi elə səviyyədədi ki, rəqiblər arasında ciddi fərq yoxdu, hamı qalib gələ bilir. İsrail, Kipr, Şotlandiya – bu ölkələrin çempionatlarının hamısı bizim çempionatdan güclüdür. Rəqiblərimiz daha stabil yarışlarda daha stabil komandalara qarşı oynayır. Bundan başqa, hamı bizdən uğur gözləyir, ümid bəsləyir. Bu, bizdə narahatlıq yaradırdı. Sadəcə, bizim avrokubok təcrübəmiz daha çox idi, bundan faydalandıq. Amma bu il uduzmaqdan qorxmurdum. Torpaqlarımız azad olandan sonra rahatlaşmışdım. Futbolçulara da daha cəsarətli olmağı tapşırmışdım. Psixoloji rahatlıq əldə etmişik.

– “Bazel”lə oyunda da bu, hiss olundu. Sanki komanda daha cəsarətliydi, uduzmaqdan qorxmurdu, xoşbəxtliyi rəqib qapısında axtarırdı.

– Bəli, fərq var. Torpaqlarımız işğaldan azad olunana kimi də cəsarətlə oynayırdıq, amma bir az ehtiyatlanırdıq. Düşünmədiyimiz situasiyalar ola bilərdi, uduzanda düşmənlərimiz sevinərdi. Çünki biz hansı torpaqlarımızın adını daşıdığımızın bilincindəyik. Lakin indi uduzmaqdan qorxmuruq. Vacib olanı – müharibəni udmuşuq. İndi qalib psixologiyasını aşılamalı, buna uyğun oynamalıyıq. Və söhbət təkcə “Qarabağ”dan getmir, bütün futbolumuz da bunu örnək götürməli, cəsarətli olmalı, inkişaf etməliyik. Cənab prezident də demişdi ki, artıq başqa-başqa ölkələr bizim müharibə taktikalarından istifadə edir, örnək götürürlər. Qalib xalq kimi bu üstünlüyü idmanda göstərməliyik, psixologiyamız belə olmalıdı.

– Futbolda da artıq “Qarabağ”dan nümunə götürülməli məqamlar var. Rusiya və Ukraynanı çıxsaq, postsovet ölkələrində klubların ardıcıl qrupa düşməsi nümunəsi yoxdur. Eləcə də əksər Avropa ölkələrində… Hədəfləri böyütmüsüz, artıq ölkə klublarının sizdən örnək götürməli olduğu şeylər var. Cənab prezident də hardasa bunu dedi. Əksər klublarda yetirmələriniz iş başındadır. Ölkə klublarından kimi qeyd edərsiz?

– Klub olaraq kiminsə işini dəyərləndirməyim, doğru çıxmaz. Məşqçilərə gəlincə, ümumən hamısını – Rəşad Sadıqov, Ayxan Abbasov, Aftandil Hacıyev, Samir Abasov, Elmar Baxşıyev – tanıyıram, hamısıyla birlikdə futbol oynamışam, Elmardan başqa hamısının məşqçisi olmuşam. Onlara həm inanıram, həm daha artığını gözləyirəm. Onlar həyatda, meydanda dürüst və işgüzar olublar. Peşələrini sevirlər, özəllikləri, öz düşüncələri var. Bunu mən meydanda, işlərində görürəm. İşlərini sevmələri ən böyük üstünlükləridi, görürəm ki, gecə-gündüz axtarışdadılar. Artıq mənim üçün onlara qarşı oynamaq asan deyil, oyunlarda sürpriz fikirləşirlər, taktiki cəhətdən fərqli nələrsə edirlər, bunu görürəm.

– Rüstəm Əhmədzadəni limitə görə transfer etmisiz, yoxsa onun həqiqətən komandanı gücləndirəcəyinə inanırsız?

– Limit üçün kifayət qədər oyunçu var və onları yalnız limitə düşdükləri üçün yox, yaxşı formada olduqları üçün oynadıram. Rüstəmin millidə və klubunda oyunlarına baxmışam, onda böyük potensial görürəm. Sürəti, mübarizə bacarığı, fiziki göstəriciləri ürəyimcədir. Cavan, bacarıqlı oyunçularla işləməyi sevirəm. Bu dəqiqə onların ən təhlükəli yaş dövrüdü, düzgün yönləndirilməyə ehtiyacları var. Potensiallarını açmaq üçün bu yaşda onlarla həddindən artıq söhbət olmalıdı, iş getməlidi. Rüstəmin özəllikləri var, transferi üçün əlimizə şans düşdü, reallaşdırdıq.

– Əhmədzadə “Minay”ın tarixində satdığı ilk futbolçudur. Ona nə qədər pul xərclədiz?

– Transferinə müəyyən məbləğ ödədik. Rəqəm deməyim, amma böyük deyil. Klubuna yetişdirmə haqqı və transfer üçün müəyyən vəsait verdik.

– İşinizdə bir özəllik var ki, yerli gəncləri komandaya gətirib onların inkişafına nail olursuz. Kimsə şansdan istifadə edir, kimsə yox. Toral Bayramova bəlkə də sizdən başqa kimsə bu qədər şans verməz, risk etməz, güvənməzdi. Eləcə də Abbas Hüseynov və başqaları. Rüstəm də bundan faydalanacaq. Amma komandanın heyətində şans qazanmış bütün gənclər başqa klublardan götürülüb. Klubun öz akademiyasını inkişaf etdirmək, oradan uşaqlar götürmək mümkün deyilmi?

– Yalan danışmayaq, bu baxımdan çatışmazlıq var. Bunun ən böyük səbəbi şəraitsizlikdi. İkincisi, hazırda əsas gücü ana komandaya vermişik. Klub rəhbərliyinə təşəkkür edirəm, devalivasiyaya, pandemiyaya, müharibəyə – bütün əngəllərə baxmayaraq, bizə diqqəti azaltmadılar, o səviyyəni qorudular, nəyisə bəhanə edib büdcəni azaltmadılar. Bizim rəhbərlik komandanın adına görə hər cür fədakarlığa getdilər. İşlərində xeyli problemlər oldu, amma bunu futbolda, xüsusilə əsas komandada hiss etdirmədilər. Hazırda yalnız ana komanda üçün bazamız var. Respublika stadionunda, “Sərhədçi”də icarəyə yer götürmüşük, orada meydanlar çox yaxşı deyil, fərqli yerlər olduğu üçün uşaqlar əziyyət çəkir. Bütün bu işləri yoluna qoymaq, komandaları yaxşı vəziyyətə gətirmək üçün böyük büdcə, yaxşı şərait lazımdı. Düz qeyd edirsiz, o sahədə çatışmazlıqlar var. Vəziyyət elə gətirib ki, əsas komandayla bağlı hər il tələblər, məsuliyyət daha da artıb, boş dayanası vaxtımız olmayıb. Bir ara bəzi işlər gördük. 2016-17-də Rəşad Sadıqov o komandalara nəzarət etdi, müəyyən addımlar atdıq. Toral Bayramovu, Elvin Cəfərquliyevi, İsmayıl İbrahimlini və başqalarını Rəşad tapıb gətirmişdi. Amma akademiyada işləri hələ istənilən səviyyəyə çatdırmaq imkanımız olmayıb. Görünən odur ki, gələcəkdə futbola daha ciddi yanaşılacaq və biz də bu nöqsanları yoluna qoyacağıq. Gələcəyimizi fikirləşiriksə, bunu etməliyik ki, stabil qalaq.

– PFL prezidenti Ramin Musayev yaxınlarda demişdi ki, bəzi oyunçuların millidə bilərəkdən zəif oynadığını görürəm, əlimdə faktlar var. Yığmaya ən çox oyunçu verən komandanın məşqçisinin fikirləri maraqlıdı.

– Ramin müəllim yəqin zarafat edib. Bu suala Musayev açıqlama verdiyi üçün cavab vermirəm. Çox vaxt belə söhbətlər eşidirik, amma bu, insanın haqqına girməkdi. Milli komandada canını qoyan futbolçular var, sözü deyəndə hamını nəzərə almaq lazımdı. Məsuliyyətli açıqlamadı. Mən öz futbolçularıma cavabdehəm, onların meydanda can qoyduqlarını görürəm, buna əminəm. Özüm də millidə olmuşam, futbolçuların necə can yandırdığını da görmüşəm. Heç bir azəraycanlı futbolçu belə ittihama layiq deyil. İllər boyu nələrdən keçdiyimiz hamıya bəllidi. Hətta rəqibdən zəif oluğumuz oyunlarda da vətənpərvərlik, mübarizlik hissləri futbolçularımızın əsas silahı olub. Azərbaycanlılar elə oğullar deyil, bizə bu söhbətlər yaraşmaz. Xüsusilə müharibədən sonra bu cür mənfi fikirlər deyilməməlidi. Azərbaycanlıların döyüşə bilmədiyini deyirdilər, oğullarımızın isə nələri sübut etdiyinin şahidiyik. Azərbaycanlılar döyüşə də bilir, güləşə də bilir, futbol da oynaya bilir və s. Sadəcə, işi düzgün qurmaq, insanlara dəyər vermək, onları doğru yönəltmək, potensiallarını açmaq lazımdı. Həqiqətən əldə fakt varsa, həmin oyunçuları çağırmasınlar, oynatmasınlar. Belələri varsa və onlar dəvət alıb oynadılırsa, deməli, həmin futbolçulara şans verənlər özü xəyanətkardı. Musayev elə personadı ki, onu hamı çox istəyir, açıq danışır, açıqlamaları ajiotaj doğurur. Xətrimə dəymədi, məncə, zarafat edib.

– Bəlkə bəzi futbolçuların klubdan fərqli olaraq, yığmada zəif oynamasının səbəbi onları düzgün oynatmamaqdadır.

– Belə şeyləri müzakirə etməyi xoşlamıram. Hər bir məşqçi futbolçunun potensialını bilir. Kənardan öyrətmək, ağıl vermək asandır. Bu barədə geniş danışmamağım yaxşıdır.

– Yəqin Millətlər Liqasının püşkünü də dəyərləndirməyəcəksiz…

– Normal püşkdür. Bütün rəqibləri tanıyırıq, onlara qarşı oynamışıq. Yaxşı və ya pis püşk deməyəcəm, uğur əldə etmək istəyiriksə, rəqiblərə uyğun hazırlaşmalı, qələbənin dalınca getməliyik. Zatən hər bir rəqibi udmaq lazımdı, bunu bacarmaq üçün cəhd etməliyik. Rəqib güclüdü deyib məğlubiyyətlə öncədən barışmaq olmaz.

– Sizin millidə işləyərkən topladığınız xala əcnəbi xələfləriniz 3 seçmə mərhələdə həsrət qalıb. Milliyə kim rəhbərlik etməlidi: yerli, yoxsa?.. Bəlkə yığmanın məşqçisinin kimliyi heç nəyi dəyişmir?

– Mənim üçün çətin sualdır. Bəlkə də millidə işləməsəydim, daha rahat cavab verərdim. Amma əmin olun ki, kimin işləməsindən asılı olmayaraq, hamısına hörmətlə yanaşmışam. Çünki milli komandamızı təmsil edirlər. Bununla belə, həmişə istəmişəm ki, özümüzə dəyər verək, özümüzkülər olsun. Azərbaycanlılar təkcə futbolda deyil, bütün sahələrdə ən yaxşılara layiq və qadirdir, dəyər vermək, güvənmək lazımdır. Və bu, sadəcə, söz deyil, potensialımızı bildiyimiz üçün deyirəm.

– Ümumiyyətlə, Azərbaycanda futbolu inkişaf etdirmək mümkündü? Yoxsa potensialımız budur və barışmalıyıq?

– Eyni mövzuya qayıdırıq. Azərbaycanda hər sahədə ağlımıza gəlməyəcək qədər istedad var. Siyasətdən səhiyyəyə, hərbə, musiqidən idmana kimi. Təbii ki, inkişaf mümkündür. Mən klub məşqçisiyəm, ümumi futbolumuza cavabdeh insan deyiləm ki, inkişaf strategiyasını göstərim, bu, düzgün anlaşılmaz. Baxışlar fərqli ola bilər. Mənə görə bizdə olan futbolçu bacarığı, potensialı bir çox ölkədə yoxdu, düzgün yönəltmə lazımdı. Futbol topdu, bizim ölkədə isə topa sevgi, topla oynamaq həvəsi, topa sahibolma bacarığı əksər ölkələrdən çoxdur. Bu, varsa, qalan şeyləri çalışmaqla yoluna qoymaq olar. Bizdə inanılmaz potensial var.

– “Qarabağ”da bu işləri görmək mümkündüsə, deməli, əhatə dairəsini böyütmək lazımdır…

– Bəli. Vaxtilə akademiyalara kim diqqət ayırdı? “Bakı” və “Qəbələ”. Çox böyük işlər görməyə imkan olmadı, amma bu klublar kifayət qədər oyunçu yetişdirdi. “Bakı”nın ölkə çempionatında oynayan çoxsaylı oyunçularını demirəm, təkcə xaricdə ölkəni təmsil edən iki yetirməsini – Mahir Emreli ilə Namik Ələskərovu nümunə göstərmək kifayətdir. “Qəbələ”nin hər yerdə yetirməsi var. Lənkəranda, İmişlidə akademiya olmaya-olmaya Toral Bayramov, Bəhlul Mustafazadə üzə çıxdı. Bütün bölgələrimizdə belə istedadlar var, onları üzə çıxarmaq, yetişdirmək lazımdır. Və davamı olaraq futbolçu təzyiq hiss etməlidi, rahatlaşmamalıdı. Lənkərandakı ab-havanı, Gəncə azarkeşlərini xatırlayın, futbolçular o ab-havada böyüyə, püxtələşə bilər. Mən Lənkərana gedəndə təkcə udmağı fikirləşmirdim, o ab-havada oynamaq özü zövq verirdi. Gəncədə komandanın ən zəif vaxtlarında tribunalara 17-18 min azarkeş gəlirdi. Mingəçevir, Zaqatala, Yevlax, Tovuz, Masallı və başqa bölgələrimizi də unutmamalıyıq. Elədə maraq artır, istedadlar üzə çıxır, qalır onları düzgün istiqamətləndirib yetişdirmək, qazanmaq. Bünövrəmiz, kökümüz var, bu ölkədə hər şey etmək, bütün sahələri inkişaf etdirmək olar.

– “Qarabağ”ın uğurlarında AFFA-nın rolu var?

– AFFA başqa qurumdur, bir-birimizlə əlaqəmiz yoxdur. Sadəcə, AFFA-ya tabe olan qurumun keçirdiyi çempionatda iştirak edirik.

– Mahirin çıxışı xoşunuza gəlir. Onu xaricə buraxmaqda gecikmədiz?

– Bəlkə bir az da qalsaydı, daha yaxı olardı. Onun Polşadakı çıxışı normaldı, özünü yaxşı tərəfdən göstərə bilib. Klubdakı problemlər onun ümumi çıxışına təsir göstərir. Amma Emreli gedən kimi adından söz etdirə bildi. Yaxşı səs-küy yaratdı.

– Bu il Torala da təklif var idi. Onu tam hazır saymırsız yəqin, hələ də bişməlidi…

– Ona ciddi təklif olmayıb. Bir də Mahirlə Toral fərqli xarakterə sahibdi. Mahir o yaşda daha bərk idi, futbol sırtıqlığı var idi. Torala güvənirik, istedadı var, amma bərkiməlidi. Yetişməsi üçün biz məşqçilərin üzərinə böyük yük düşür. Lakin ən əsası özündən asılıdı, indiki səviyyəsiylə razılaşmamalı, inkişaf etməlidi. Bayramov təkcə oyununa görə yox, həm də dünyagörüşünə görə böyüməlidi. Mahir ingilis, rus dillərini bilirdi, Avropaya daha tez uyğunlaşdı. Toral mənim kimi kənd uşağıdı (gülür), dil bilikləri zəifdi, onun ölkə xaricində möhkəmlənməsi üçün həmin mühitə hazır olması gərəkdi.

– Musa 3 oyuna 6 qol vurub. Bəlkə də oğlunuz olduğu, əlavə söz-söhbətlərdən qaçmaq üçün az şans verirsiz, siz bilərsiz. Amma heç olmasa, legioner karyerası üçün hazırlaşırmı?

– İngilis dilini, rus dilini yaxşı bilir, neft akademiyasının tələbəsidi, dünyagörüşü, savadı yerindədi. Lakin seçmirəm, gənclərin hamısı mənim övladlarımdı, onların hamısının məsuliyyəti bizdədi. Doğrusu, 2-3 nəfər arasında seçim qarşısında qalanda oğlum olduğu üçün Musaya yox, digərlərinə üstünlük verirəm – bu var. İstənilən halda, Musa da digərləri kimi üzərində çox çalışmalıdı.

– Həmişə 3 qapıçıya güvənmisiz, onlardan ən azı biri əcnəbi olub. İndi isə əsasən 2 yerli qapıçıya güvənirsiz, onlardan da Emil Balayev çox az şans alır.

– Emil 2 aydan çoxdu ağrıyla oynayır, məşq edir. Meydana iynəylə çıxırdı, elə məqam idi ki, əməliyyatına imkan yox idi, qrafik imkan vermirdi, ertələyirdik. “Bazel”lə matçdan sonra vaxt itirmədik, Emil birbaşa Almaniyaya getdi, əməliyyat olundu, artıq qayıdıb. 3 həftəyə məşqlərə başalaya biləcək. Güvənməməkdən söhbət gedə bilməz, qapıçı mövqeyi elədi ki, sabitlik vacibdi, lakin Balayev də oynayacaq. 3-cü qapıçımız cavandı, böyük potensialı var.

– Futbolçu olarkən bu günləri xəyal edirdiz?

– Tam belə təsəvvür etmirdim, amma uşaqlıqdan inamlı olmuşam. Hətta bəzi şeylərin alınmadığını görsəm də, sona kimi cəhd etmişəm, inadkar olmuşam. Məşqçi olmaq həvəsim Rusiyada oynayarkən yaranıb. O vaxt tutduğum konspektlərim var. Averyanov, Qusev kimi məşqçilərimin işini bəyənirdim, onların iş metodunu “kopyalayırdım”. İndi həmin qeydlərimə baxıram, görürəm ki, məşqçilik karyeramda heç birindən istifadə etməmişəm, futbol çox dəyişib. Rusiyada oynayarkən məşqçi olmağa qərar vermişdim.

– Özünüzü tarix yazmış və tarixə düşmüş hesab edirsiz?

– İnan ki, yox. Sadəcə, işimdir, başqa sahədə də olsaydım, eyni məsuliyyətlə çalışardım.

– Yığmadan gedişinizə səbəb kimi 2 yerdə işləməyin çətin olması göstərildi. Həqiqətənmi bu, sizə mane olurdu?

– Belə bir fikir olmadı. Kimsə indi səbəb göstərə bilər, amma mənimlə bu haqda heç vaxt söhbət olmayıb. İki yerdə işləyə bilmədiyimi deməmişəm. Təəssüf ki, yenə yığma mövzusuna qayıdırıq. Belə fikir formalaşdırdılar ki, sanki eyni vaxtda iki işi bacarmadım, bir-birinə mane oldu, çətinlik çəkdim. Amma məndə belə bir düşüncə, narahatlıq olmayıb. Bir işin dalınca gedirəmsə, razılıq verirəmsə, deməli, əminəm. Uşaq deyiləm, götür-qoy edib razılıq vermişdim, az iş də görmədik. Düşüncələrimiz, sistemimiz, ideyalarımız var idi. Bütün yığmaların məşqçiləri yerlilər idi, müəyyən xətt yaradırdıq. Qarşıma qrupdan çıxmaq vəzifəsi qoyulmamışdı, sistem qururduq. Milli komandanı hər şeydən üstün tutmuşam. Müsahibəmdə demişdim, milli komanda və “Qarabağ”ı adına görə bir-birindən ayırmıram. Klubda da, yığmada da işimi vicdanla aparmağa çalışmışam. Əgər nəticə əsas götürülürsə, azarkeşlər bilsin ki, işimi həmişə onları sevindirmək üçün qurmuşam. Komandalarda qalib ruhu formalaşdırmaq üçün hər şey etdim. Niyə belə alındı? Çox şey bəllidi, amma mən bu barədə danışmaq istəmirəm.

– Millətlər Liqasında qarşınıza vəzifə qoyulmasa da, son anadək qrupdan çıxmağa cəhd etdiz, axırıncı turadək buna yaxın idiz…

– Başqa cür ola da bilməzdi. Hansı qrupa düşməyindən asılı olmayaraq, maksimuma çalışmalı, işini buna uyğun nizamlamalısan. Alınmaya bilər, amma cəhd etməlisən, hər imkandan yararlanmalı, ən əsası, işi düzgün qurmalısan. Mən “Qarabağ”a gələn kimi çempion olmadım ki. Zamanla işi, sistemi qurduq və nəticələr gəldi.

– İndiki AFFA rəhbərliyi millini yenidən sizə tapşırmaq istəsə, onlarla işləyərsiz?

– Başqa sual var?

– Vaxtilə flaqman sayılan “Neftçi”nin kapitanı və baş məşqçi kimi “Qarabağ”ı flaqmana çevirmiş şəxs… Prezidentin məlum çıxışından sonra düşüncələriniz maraqlıdı.

– Başqa suala keçək…

– “Bazel”lə oyunda təmiz qolunuz qeydə alınmadıqdan sonra 4-cü hakim olan xanımla dialoqunuzun görüntüləri ekranlara gəldi. Nə danışırdız?

– İsveçrədən qayıdanda təyyarədə oyuna baxırdıq və həmin epizodu gördüm. Ona nə dediyimi tam yada sala bilmirəm. Doğrusu, fikirləşirdim ki, bu sualı mənə kim verəcək, cavab hazırlayırdım. Güman ki, epizodu izah etməyə çalışmışam. Çünki epizoddan 10-15 saniyə sonra köməkçilərimə mesaj gəldi ki, 100 faiz qoldu. Xanım hakimə yaxınlaşdım, ingiliscə bildiyim sözlərlə etirazımı bildirdim. Düzü, dialoq tam yadımda deyil.


 

DİGƏR XƏBƏRLƏR

Top