Prezident: "Cənab Mişellə görüşdə hətta təklif etdim ki..."


“Bilmirəm. Mən dəfələrlə bu məsələləri qaldırmışam və dünən də cənab Mişellə görüşdə hətta təklif etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin”.

Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində jurnalistin “Minaların təmizlənməsi çox həssas, vacib və strateji fəaliyyətdir. Həqiqətən də azərbaycanlıların azad olunmuş ərazilərə geri dönməsi və məskunlaşması arzu olunursa, həmin ərazilərin təhlükəsizliyi təmin edilməlidir. Bu səbəbdən mən təəccübləndim. Minaların təmizlənməsi kimi həssas bir məsələnin Avropa İttifaqını daha öncə hərəkətə keçməyə vadar etməməsi Sizi təəccübləndirirmi?” sualına cavabında deyib.

“Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil.

Bundan əlavə, bu, çox bahalı işdir və siz tamamilə haqlısınız ki, minalar təmizlənməsə, biz insanların geri qayıdışını təmin edə bilmərik. Onlar bunu 30 ilə yaxındır ki, gözləyirlər. Hazırda genişmiqyaslı bərpa işlərinə başlanılan ərazilər minalardan təmizlənib, digər yerlər isə yox. Yəni, geri dönəcək insanlar ciddi problemlər və həyati təhlükə ilə üzləşəcəklər. Beləliklə, mən ümid edirəm ki, təmaslarımızda buna daha çox aydınlıq gətiriləcək. Əlbəttə, bizim ehtiyaclarımız minaların təmizlənməsi ilə məhdudlaşmır.

Hər şey dağıdılıb. Oralarda nə şəhər, nə də kənd var - tamamilə dağıdılmış ərazilərdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır”, - dövlət başçısı əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top