Avtoservisdən avtomobil qaçırılıb - BAKIDA


Bakıda avtoservisdən avtomobil qaçıran şəxs saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) dekabrın 13-də saat 9 radələrində Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birindən qəsəbə sakini V.Vəliyevə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobil həmin gün saat 16 radələrində Bakı-Quba yolundakı postda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü, Beyləqan rayon sakini Musa Tağıyevin və sərnişini, Abşeron rayon sakini Elnur Hüseynovun narkotik vasitə qəbul etmələri də müəyyən edilib. Onlar saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nə təhvil veriliblər. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 206-cı maddələri ilə onların barəsində protokollar tərtib olunub. Binəqədi Rayon Məhkəməsinin qərarları ilə M.Tağıyev 25 gün, E.Hüseynov isə 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top