Bakıda 18 il əvvəl taksi sürücüsünü öldürən müştəri tutuldu - YENİLƏNİB

Azərbaycanda 18 il öncə törədilən cinayətin üstü açılıb.

Yeniavaz.com xəbər verir ki, Baş Prokurorluq və DİN-in birgə məlumatına görə, 29 dekabr 2003-cü ildə Bakıda avtomaşında Əmirov Ramiz İsa oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan icraatın dayandırılması haqqında qərar ləğv edilərək istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. Müəyyən edilib ki, Bəxtiyar Dadaşov tanışı İlham Məmmədovla 29 dekabr 2003-cü ildə “Fəvvarələr meydanı”ndakı taksi sürücüsünü oğurlamaq qərarına gəliblər. 

Bunun üçün “Qaz 24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb onları Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar. Ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova xəsarət yetirməklə pulunu ələ keçiriblər. Daha sonra zəng edib ərini oğurladıqlarını deyib, sərbəst buraxılması müqabilində pul tələb ediblər. Lakin bir müddət sonra Bəxtiyar Dadaşov və İlham Məmmədov ifşa olunmaqlarından ehtiyatlandıqları üçün R.Əmirovu boğaraq öldürüblər.

İstintaq nəticəsində 15 dekabr 2021-ci ildə Bəxtiyar Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri (qəsdən adam öldürmə) ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçısı İlham Məmmədovun vəfat etməsi səbəbindən onun barəsində cinayət işinə xitam verilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

***12:02
Bakıda 18 il əvvəl törədilən cinayətin üstü açılıb.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN və Baş Prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlərlə 18 il əvvəl törədilən cinayət əməlinin üstü açılıb.
Belə ki, DİN əməkdaşları tərəfindən cari il avqustun 18-də narkotik vasitə ilə tutulan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Dadaşovun 2003-cü il dekabr ayının 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində paytaxt sakini, 67 yaşlı Ramiz Əmirovu boğaraq qətlə yetirməsi müəyyən edilib.
Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top