Şəkidə 9 nəfər dönərdən zəhərlənib, cinayət işi başlanıb - YENİLƏNİB


Şəki Şəhər Rayon Polis Şöbəsinə 9 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Mərkəzi Xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib. O bildirib ki, həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən “Gənclik” kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini bildiriblər.
Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb.
Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertizası təyin edilib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü (pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
 

***11:30
Şəkidə iki qadın dönərdən zəhərlənib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, rayon sakini Əntiqə Şəmmədova və Ülviyyə Şirəlizadə qida zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin araşdırma zamanı məlum olub ki, hər iki nəfər Şəkidə yerləşən “Gənclik” kafesində toyuq ətindən hazırlanan dönəri yedikdən sonra zəhərləniblər.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Qeyd edək ki, Bakıda dekabrın 13-ü 1-i qadın, 7-si kişi olmaqla 8 nəfər “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”də toyuq dönərindən zəhərlənmişdi.

DİGƏR XƏBƏRLƏR

Top