Erməni əsgərin heyrətlə danışdığı azərbaycanlı hərbçi Vüqar kimdir? - DOSYE + FOTO



Xəbər verdiyimiz kimi bu gün Hayk adlı erməni əsgər İkinci Qarabağ müharibəsi zamanı əsir düşərkən azərbaycanlı hərbçi ilə yaşadıqları hadisənin təfərrüatlarını danışıb.
Yeniavaz.com
xəbər verir ki, Hayk 44 günlük müharibə zamanı Suqoşuvanda yeddi nəfərlə birgə əsir götürüldüklərini və Vüqar adlı azərbaycanlı hərbçinin onlara cəsarətlə yaxınlaşıb söhbət etməsindən danışıb. Vüqar Ağayev bunkerdəki ermənilərə təslim olmağı təklif edib. Ermənilər bildiriblər ki, mümkün deyil, çünki öldürülməkdən, hətta başlarının kəsilməsindən qorxurlar.
Bu vaxt komandir Ağayev bunkerə enib və silahını atıb. Deyib ki, əgər mənə inanırsınızsa, təslim olun, inanmırsınızsa, güllələyin.
Yalnız bu sözdən sonra ermənilər təslim olmaq barədə düşünüblər və komandir Ağayevə etibar edərək bunkerdən çıxıblar:
“Azərbaycanlı hərbçi atəş açdığımız hissəyə yaxınlaşdı və onu görüb-görmədiyimi soruşdu. 35-40 yaşı olardı. Silahını kənara qoydu və mənə inandığını dedi. O, həmçinin, məndən çıxmağımı və onunla danışmağımı təklif etdi. Mən heç vaxt azərbaycanlı əsgərin etdiyini etməzdim. Çünki o, bunkerdə onu nə gözlədiyini bilmirdi. Adı Vüqar idi. O, siqareti yandırıb mənə uzatdı. Mən yaralı idim və bilirdim ki, bu yara səbəbindən ölə bilərəm. Bu barədə uşaqlara danışdım və bunkerdən çıxmağa qərar verdim. O, mənim yaram haqqında sual verdi və ağrının keçməsi üçün mənə iynə vurdular. Mənə dedi ki, onlar indi gedə bilər, lakin artıq 30 dəqiqədən sonra qoşunlar bura gələcək və biz bunkerdə 20 nəfər belə olsaq, heç bir şansımız yoxdur. O, təslim olmağı təklif etdi. Söz verdi ki, heç kim bizə toxunmayacaq. Bizi Bakıya göndərəcəklər, müharibə başa çatdıqdan sonra isə sadəcə əsirlərlə dəyişəcəklər. Onun yaxşı insan olduğunu gördüm və biz təslim olmağa qərar verdik”.
Erməni əsgərin haqqında danışdığı azərbaycanlı şəhid hərbçi mayor Vüqar Ağayevdir. O, 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub.
Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Ağayev noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlığa görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. O həmçinin, Azərbaycan Prezidentinin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Hayk isə Ermənistana qaytarılıb. Ermənistan mediasının yazdığı məlumata görə, o, bir müddət sonra ailə həyatı qurub.

Fotoda: Vüqar Ağayev

 

DİGƏR XƏBƏRLƏR

Top