Mingəçevirdə narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR


Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev polis əməkdaşları ilə birgə orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlər həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu gün Mingəçevir Şəhər 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici  tədbir keçirilib. Əvvəlcə məktəbin direktoru Gültəkin Quliyeva çıxış edərək, zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb.
Daha sonra  Mingəçevir Şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev  şagirdlərə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib.
Bundan əlavə, Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib.
Tədbir zamanı həmçinin slaydlar vasitəsi ilə şagirdlərə narkotik vasitələr göstərilib və onların təhlükələri ətraflı izah edilib.
Tədbirdə digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”,  “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” və “yol hərəkəti qaydalarına əməl edək” adlı mövzularla bağlı çıxışlar da ediblər. 
Narkoloji Dispanserin həkimi Eldar Mustafayev isə narkomaniyaya qurşananlarda QİÇS-ə yoluxma ehtimalının daha çox olduğunu bildirib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.




Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top