Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı açıqlama verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir bu barədə Birləşmiş Ərəb Əmirliklərinə səfərinin yekunları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun sözlərinə görə, Qarabağ zəfərindən sonra Türkiyə və Azərbaycan davamlı olaraq müsbət mesajlar verib:
“Azərbaycanın Ermənistanla hərtərəfli sülh müqaviləsi imzalamaq təklifi son dərəcə mənalıdır, bu, həm də Azərbaycanla bizim niyyətimizi göstərir”.
O, həm də Ermənistanın bölgənin sülh və əmin-amanlığı istiqamətində müsbət addımlar atacağına ümid etdiyini bildirib:
"Niyyətimiz saf və səmimidir. Azərbaycanın da bir məqsədi var idi, işğal altındakı torpaqlarını geri almaq. Bunun da nəticəsi olaraq, Azərbaycan sülh təklif edir. Bu isə o deməkdir ki, Azərbaycan son dərəcə xoş niyyətlidir”.