Cümhuriyyət Xalq Partiyasının Muğla millət vəkili Burak Erbay Türkiyədə portağal istehsalçılarının problemlərinə diqqət çəkmək üçün Türkiyə Böyük Millət Məclisinin baş məclisində etiraz aksiyası keçirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Burak Erbay parlamentdə büdcə müzakirələri zamanı tribunaya əlində bir qutu portağal ilə çıxıb və çıxışının sonunda portağalları kürsünün üzərinə töküb.
O çıxışı zamanı özünün də portağal istehsalçısı olan ailənin övladı olduğunu bildirib:
“Mən bu portağallar sayəsində təhsil aldım. İstehsalçılar çətin vəziyyətdədirlər. Kəndlilər gübrə, dərman ala bilmirlər. Mersində limon istehsalçıları ağacları kəsirlər. İndi sıra sitrus meyvələri istehsal edənlərdədi. Əgər Rusiya ilə danışıqlar aparıb sərhədlər açılmazsa, sitrus ağacları da kəsilməli olacaq”.