Prokurorluğun FHN-ə göndərdiyi sənəd saxta çıxdı - FOTO

2020-ci ilin iyulunda Balakən rayonu, Meşəşambul kənd sakini Həcər Dibirovaya məxsus obyektdə baş verən yanğınla bağlı istintaq davam edir.

Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, kənddəki ticarət mərkəzinin yanmasından sonra istintaqa təqdim edilən müqavilənin saxta olduğu aşkarlanıb. H.Dibirova bildirib ki, istintaqın gedişatında Balakən prokurorluğu rayon Elektrik Şəbəkəsinə aid olan sənədlərə əsaslanaraq qərar qəbul edib. Lakin ekspertiza zamanı bu sənədlərin saxta olduğu ortaya çıxıb.

Sahibkarın iddiasına görə, cinayət işi üzrə sübutların saxtalaşdırıldığı məlum olub: “İlkin olaraq yoxlama aparan Fövqəladə Hallar Nazirliyinin müstəntiqləri belə qərara gəlib ki, yanğına görə Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə nəzərdə tutulmuş səhlənkarlıq cinayətinin tərkib əlamətləri var. Buna görə də istintaq aidiyyətinin davam etdirilməsi üçün materiallar Balakən Rayon Prokurorluğuna göndərilib.

Balakən prokurorluğunda aparılan yoxlama zamanı Elektrik Şəbəkə işçiləri elektrik xətlərinin mənsubiyyət müqaviləsini istintaq orqanına təqdim edib. Sənəddə qeyd edilib ki, transformatordan sonrakı hissəyə görə vətəndaş məsuliyyəti üzərinə götürüb.

Həmin müqavilədə isə mənə və atama məxsus olduğu bildirilən imzalar qeyd edilib. Müstəntiq də belə qərara gəlib ki, yanğın baş verən hissəyə Elektrik Şəbəkə məsuliyyət daşımadığı üçün cinayət işinin maddəsi mənim əleyhimə tövsif edilməlidir. Bu dəfə də prokurorluq bu sənədə əsaslanaraq işi yenidən FHN istintaqına qaytarıb. Nazirliyin istintaq qurumu sənədlə bağlı xəttşünaslıq ekspertizası təyin edib”.

Vətəndaşın sözlərinə görə, ekspert sənədin saxta olduğu, müqavilədə olan imzaların Həcər Diborova və onun atasına məxsus olmadığına, imzaların saxtalaşdırıldığına dair rəy verib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, ticarət obyekti və içərisindəki mallar da nəzərə alınmaqla ümumilikdə sahibkara 406 000 manat məbləğində maddi ziyan dəyib.

DİGƏR XƏBƏRLƏR

Top