“Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət Ermənistan və Azərbaycan sərhədində olduğundan daha stabildir”.
Yeniavaz.com xəbər verir ki,bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə verdiyi müsahibəsində deyib.
Prezident Brüssel görüşü ilə bağlı sualları da cavablandırıb:
“Azərbaycanın mövqeyi açıq və aydındır. Biz sülh istəyirik. Biz müharibə istəmirik. Müharibədə qalib gəlmişik. Və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olundu. Dağlıq Qarabağın statusu və ya buna bənzər hər hansı bir müzakirəyə qayıtmağa ehtiyac yoxdur. Biz bunu özümüz güclə, siyasi yolla həll etmişik.
Ölkə başçısı iki ölkə arasında münasibətlərdən də söz açıb:
“Ermənistan hər cür düşmənçilik hərəkətlərindən, ərazi iddialarından çəkinməlidir. Biz yan-yana yaşamağı öyrənməli və yavaş-yavaş münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün zəmin hazırlamalıyıq. Biz açıq şəkildə dedik ki, buna hazırıq. Amma indiyədək heç bir müsbət siqnal almamışıq”.