Prokuror XİN-in sabiq vəzifəli şəxslərinə cəza istəyib


Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror cinayət işində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Fərhad Mollazadə və Səlim Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd olunub ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı ləğv edilməli və məhkəmə zalında həbs olunmalıdırlar.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

DİGƏR XƏBƏRLƏR

Top