Azərbaycan səfiri Pakistan HHQ-nin komandanı ilə görüşdü - FOTO


Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov Pakistanın Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Aviasiya Marşalı Zahir Babar Sidhu ilə görüşüb.

Səfirlikdən Yeniavaz.com-a verilən xəbərə görə, görüş zamanı səfir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qaldığı təxminən 30 il müddətində, eləcə də Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib və buna görə öz təşəkkürünü bildirib.

Aviasiya Marşalı Zahir Babar Sidhu 2020-ci ilin 8 noyabr tarixində 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə Azərbaycan dövlətini və ordusunu təbrik edib və Pakistanın HHQ-nin komandanı olaraq Azərbaycan, Pakistan və Türkiyə hərbi əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsi üçün mümkün olan bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil və təlim, hərbi-texniki əməkdaşlıq, təcrübə mübadiləsi və s. sahələr üzrə məsələlər müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top