Atasını öldürdükdən sonra yandıran Gəncə sakini tutulub - TƏFƏRRÜAT - YENİLƏNİB


Gəncədə oğulun atasını qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, qətl evin satılması ilə bağlı yaranmış mübahisə zəminində törədilib.
Mərhumum qohumlarının bildirdiyinə görə, ata ilə oğul arasında evin satılması üstündə mübahisə düşüb. Evdə onların arasında yaranan mübahisə zamanı oğul atasını boğaraq öldürüb. Sonra isə polisə onun guya itməsi barədə yalan məlumat verib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-dan axtarılan Azad Məmmədovun cəsədi yaşadığı evin həyətində yanmış və parçalanmış halda aşkarlanıb. Oğlu, 25 yaşlı Məhəmməd Məmmədov tərəfindən öldürülən A.Məmmədovun cəsədinin tapılmasında polislə yanaşı qohumlar da iştirak edib. Meyitin tapılmış hissəsi üzərində ayaqlar və bir qol olmayıb. Ehtimal olunur ki, bu hissələr oğlu tərəfindən cəsəddən ayrılıb və zibilliyə atılıb.
Baş vermiş hadisə ilə bağlı mərhumun oğlu və yanaşı həyat yoldaşı da istintaqa cəlb edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb.

***09:36
10 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə şəhəri Nizami rayon polis idarəsinə müraciəti daxil olub.
Gəncə Şəhər Prokurorluğundan Yeniavaz.com-a verilən məlumata əsasən, daxil olmuş müraciət əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilmişdir.
Araşdırmalarla müəyyən edilmişdir ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürmüş, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırmışdır.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top