Yevlaxda filmləri xatırladan cinayət: Plan qurdu, öldürəcəyi şəxsi günlərlə izlədi və...- FOTOLAR


Yevlaxda 8 ay əvvəl cücə sexində baş verən yanğın zamanı meyiti tapılan qadının qəsdən qətlə yetirildiyi ehtimal edilir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, kiçik sahibkarlıqla məşğul olan 1968-ci il təvəllüdlü Səidə Hüseynova bu il aprelin 14-də rayonunun Aşağı Bucaq kəndində özünə məxsus cücə sexində baş verən yanğın zamanı çoxsaylı yanıq xəsarətləri alaraq hadisə yerində həlak olub. 

Hadisə ilə bağlı aparılan ilkin araşdırmadan sonra yanğının ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib.

Mərhumun bacısı Rahilə Əhmədova isə yanğın baş verən gündən hadisənin qəsdən, tamah niyyəti ilə xüsusi amansızlıqla törədildiyini iddia etmişdi.

Araşdırma nəticəsində əldə edilən məlumata görə, hadisə mərhum Səidə Hüseynovanın bacısı qızının əri Çaykənd kənd sakini Elnur Hüseynov tərəfindən qəsdən törətdiyi barədə əsaslı şübhələr müəyyən edilib.

Əvvəllər kənd məktəbində Fizika müəllimi işləmiş E. Hüseynov bundan əvvəl də tamah məqsədi ilə müxtəlif hadisələr törədib. Ehtimala görə, Elnur Hüseynov sözügedən hadisəni törətmək üçün əvvəlcədən xüsusi plan hazırlayıb. Günlərlə S. Hüseynovanı izləyib mərhumun sexdə tək olduğu gün planını həyata keçirib.

Məlumata görə, E. Hüseynov şübhəli şəxs kimi saxlanıldıqdan sonra etiraf edib ki, həmin gün gecə sexə daxil olaraq əvvəlcə küt alətlə Səidə Hüseynovanın başından vuraraq yerə yıxıb. Sonradan isə onu bıçaqlayaraq qətlə yetirib. Mərhuma məxsus pul və qızıl-zinət əşyalarını götürdükdən sonra isə izi itirmək məqsədi ilə sexi yandıraraq ərazidən uzaqlaşıb.

Elnur Hüseynovun bundan əvvəl də oğurluq etdiyi yerlərdə izi itirmək üçün yanğın törədirmiş.

O, bu hadisəni tək etdiyini desə də, bir neçə nəfərlə birlikdə olduğu istisna edilmir.

DİN-in dekabrın 1-də yaydığı məlumatda bildirilirdi ki, Göygöl rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə və vətəndaşlara məxsus əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, rayonun Çaykənd kənd sakini Elnur Hüseynov həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019-cu, 2020-ci və 2021-ci illərdə oğurluq cinayətləri törədərək vətəndaşlara külli miqdarda ziyan vurub.

Həmkəndlisinə məxsus ümumi dəyəri 900 manat olan 7 baş keçini tanışı Səyyaf Məmmədovla birlikdə oğurlayan E. Hüseynov bundan başqa, digər tanışı Qalib Məmmədovla birlikdə kənd sakininə məxsus, ümumi dəyəri 3 000 manat olan üç baş iribuynuzlu mal-qaranı da oğurlayıb.

Daha sonra həmin şəxslər rayonun Yeni Zod kənd sakinlərinə məxsus ümumi dəyəri 4 500 manat olan üç baş iribuynuzlu mal-qaranı oğurlayıblar.

İstintaq zamanı E. Hüseynov və Q. Məmmədovun ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus, ümumi dəyəri 7 900 manat olan beş baş iribuynuzlu mal-qaranı oğurlaması da məlum olub.

Cari ilin avqust ayında 6 500 manatlıq iribuynuzlu mal-qaranı oğurlayan şəxslər daha sonra tanışları Samir Məmmədovla qabaqcadan əlbir olaraq ümumi dəyəri 9 500 manat olan beş baş iribuynuzlu heyvanları gizli yolla talayıblar.

E. Hüseynovun digər bir hüquqazidd əməli isə ədavəti olan qonşuna məxsus inəyi öldürərək uçurumdan atması olub. Araşdırmalar zamanı saxlanılan şəxslərdən E. Hüseynov və Q. Məmmədovun cari ilin aprel ayında rayonun Toğanalı kəndində yerləşən "Göyəzən" adlı kafeyə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etmək istəmələri, oğurlanacaq hər hansı bir dəyərli əşya tapmadıqda isə obyekti yandıraraq restoran sahibinə 45 000 manat dəyərində maddi ziyan vurduqları məlum olub.

Sentyabr ayında isə həmin şəxslər daha bir analoji cinayət hadisəsi törədərək kənddə yerləşən mağazadan ümumi dəyəri 1 100 manat olan müxtəlif malları oğurladıqdan sonra mağazanı və mağazaya bitişik evi yandıraraq vətəndaşa ümumilikdə 95 000 manat dəyərində maddi ziyan vurublar.

Polis əməkdaşları dəstə üzvlərindən Q. Məmmədovun yaşadığı fərdi yaşayış evindən istifadəyə yararlı odlu silah və onun komplekt hissələrini də aşkar edib.

Faktla bağlı Göygöl RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top